İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 13 sentyabr — Sputnik. Şamaxıda sürüşmə təhlükəli hal almağa başlayıb. Belə ki, ötən aydan başlayaraq, Bakı-Şamaxı avtomobil yolunda sürüşmə prosesində ciddi aktivlik müşahidə olunur. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hazırda magistralın 106-111-ci kilometrliyinin bir neçə hissəsində uçqun, sürüşmə, torpaq parçalanması prosesləri baş verir.
Şamaxı — Qızmeydan yolunda da sürüşmə sahəsi aktivləşib. Ötən həftə yağıntılardan sonra yolda 5 müxtəlif hissədə sürüşmə baş verib. Asfalt örtüyünün yarı hissəsi sıradan çıxdığından, ərazidə avtomobillərin hərəkəti də çətinləşib. Sözügedən yol Şamaxı ilə 4 kəndi birləşdirən yeganə yoldur. Belə davam edərsə, yol tamamilə çökə və rayon mərkəzi ilə əlaqə kəsilə bilər.
Sakinlər iddia edirlər ki, ərazidə əvvəllər sürüşmə müşahidə olunmayıb. Yalnız 4 il əvvəl asfalt örtüyü çəkildikdən sonra həmin ərazi sürüşməyə başlayıb.
Həmçinin Bakı-Ağsu, Quba-Qonaqkənd, Muğanlı-İsmayıllı, Basqal-Sulut, Cəlilabad-Cəngan-Soltankənd, Lənkəran-Lerik, Lerik-Qoşmalyan-Kəlvəz və Pəlikeş avtomobil yollarında da sürüşmə sahələrində aktivlik müşahidə olunur.
Sürüşmənin aktivləşməsi bölgə sakinlərini təşvişə salıb. Vətəndaşlar bildirirlər ki, aidiyyəti qurumlar dərhal hərəkətə keçib, lazımi tədbirlər görməsə, sürüşmə insanların həyatını təhlükəyə atacaq və faciəli nəticələr meydana çıxaracaq.