BAKI, 13 sentyabr — Sputnik. Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin Azərbaycan-Braziliya dostluq qrupunun rəhbəri Asim Mollazadə Braziliya-Azərbaycan dostluq qrupunun sədri, Braziliya Milli Konqresinin Deputatlar Palatasının üzvü Klaudio Kajadoya (Mr.Claudio Cajado) məktub göndərib. Məktubda millət vəkili Braziliya parlamentinin Füzuli rayonunun Alxanlı kəndində erməni silahlı birləşmələri tərəfindən dinc azərbaycanlılar- iki yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın qətlə yetirilməsi ilə bağlı qəbul etdiyi qətnaməsinə görə təşəkkürünü bildirib.
Millət vəkili Braziliya parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr və Milli Müdafiə Komitəsi tərəfindən parlamentə təqdim edilən 2017-ci il tarixli 217 saylı qətnamənin təsdiqlənməsini genişlənən ikitərəfli və parlament əməkdaşlığının parlaq nümunəsi kimi qiymətləndirib.
Xatırladaq ki, Azərbaycan parlamentinin Ermənistan silahlı birləşmələrinin Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanı, onların simasında Azərbaycanın mülki əhalisini qətlə yetirməsilə bağlı dünya ölkələrinin parlamentlərinə ünvanladığı müraciətə Braziliya parlamenti müsbət reaksiya verib. Məhz Klaudio Kajadonun dəstəyi ilə Braziliya parlamenti Ermənistanın Azərbaycanın mülki əhalisini qətlə yetirməsini pisləyən, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib. Qətnamədə tərəflər sülhə, münaqişənin dinc yolla həllinə çağırılıb.