BAKI, 12 sentyabr — Sputnik. Azərbaycan Yazıçılar Birliyi (AYB) son günlər birlik ətrafında yayılan xəbərlərlə bağlı rəsmi bəyanat yayıb. AYB-dən Sputnik Azərbaycan-a daxil olan bəyanatda deyilir:
"Azərbaycan Yazıçılar Birliyinin katibliyi son günlər keçmiş adı "26" olan kafe ilə bağlı qaldırılan süni qalmaqalı müzakirə edib və buna münasibət bildirməyi qərara alıb. Öncə məsələnin tarixçəsi.
Uzun illərdir ki Yazıçılar Birliyinin əmlakı olan birinci mərtəbədəki sahə kirayə verilir. Bu kirayədən gələn gəlirlər qəpiyinəcən Birliyin az maaşlı işçilərinə əlavə ödəniş kimi, xəstə və ehtiyacı olan yazıçılara yardım üçün və ara-sıra kiçik kitabların nəşrinə xərclənir, hamısının dəqiq hesabatı aparılır. "Buranı bağlayacayıq, qoymayacayıq" və s. deyənlərin buna nə hüquqi, nə mənəvi haqqı çatır. Neçə-neçə ağır maddi durumda olan yazıçını köməksiz qoymaq heç kəsə başucalığı gətirməz. Doğrudur, xalqımız onu da yaxşı deyib ki, toxun acdan xəbəri olmaz.
Dünyada kafelər şəbəkəsi kimi məlum olan "26" kafeni Bakı komissarlarıyla əlaqələndirmək yanlışdır. Güllələnmiş adamların şərəfinə kafe? Bu fikir o qədər gülünc və absurddur ki, heç cavab verməyə də dəyməzdi. Amma bu uydurma bəhanəylə kimlərinsə coşub özündən çıxması, "asacayıq, kəsəcəyik" deyə xox gəlməsi acı təəssüf doğurur. Kafeni işlədənlərin atası və qardaşının ermənilər tərəfindən qətlə yetirildiyini yada salanda şəhid ailəsini erməni havadarlığında suçlamaq abırsızlığın son həddidir.
Bu azmış kimi hətta Yazıçılar Birliyinə də əl və dil uzadırlar. O təşkilata ki, Qarabağ fitnəkarlığı ortalığa atılandan bəri həmişə erməni millətçiləriylə mübarizənin ən fəal iştirakçısı olub. Bir çox yazıçılarımız, o cümlədən Birliyin rəhbərləri Bakı, Moskva, Türkiyə, Avropa ölkələrində xalqımızın haqq işini müdafiə edən, erməni təcavüzünü, dinc əhaliyə qarşı vəhşiliklərini ifşa edən yazılar yazıb, çıxışlar ediblər.
Əvvəla, kafenin keçmiş adı Hacıbala müəllimin dediyi kimi "26-lar" yox "26"dır. İkincisi, kafenin adının həm də ingiliscə yazılması da heç cür komissarlarla əlaqələndirilə bilməz. Onda gərək Bakıda yüzlərlə müəssisənin, idarənin, dükanın, bankın, otelin adlarının həm də ingiliscə yazılması da komissarlarla bağlı olsun. Bakının bir çox ictimai iaşə yerlərində olduğu kimi "Xanımlara qəlyan çəkmək pulsuzdur" ifadəsi buranı əxlaqsızlıq yuvası və priton adlandırmağa əsas vermir. Əgər əxlaqsızlıq yuvaları axtarırlarsa, bəzi bağlarda və küçələrdə müştəri axtaran həqiqi pozğunları yığışdırsınlar.
Bakının Sabunçu rayonunda hələ də "26 Bakı komissarı" adına küçə qalır. Bu 26 ildə nəinki küçənin adı dəyişdirilməyib, onun lövhəsi belə təzələnib və latın əlifbasıyla yenidən yazılıb divara vurulub. Xalqımızın cəlladlarının xatirəsinə havadarlıq etmək bax budur və elə həmin gün, yəni qəzetdə bu məlumat və şəkil çıxan gün hədəfi ayrı ünvana yönəltməkçün bu "26" kafe avantürasına start verildi.
Əhsən deyək ki, bu kampaniyanın təşkilatçıları çox qıvraq hərəkət ediblər. Ayın 8-də olan hadisəyə 9-da çıxan rəsmi qəzetlərdə dərhal geniş material həsr olunub və həmişə hər şeyə hazır olanların rəyləri toplanıb. Elə bil yazıçılardan ermənilərlə mübarizə apardıqları üçün hayıf çıxırlar.
Yazıçıların nə külli miqdarda varı-dövləti, nə yüksək vəzifələri, nə müxtəlif imkanları var. Bircə silahları var – o da qələmləridir, amma unudulmasın ki, bu çox güclü silahdır və həmin silahla damğalananlar tarixdə bu damğayla qalacaqlar.
Bununla da bu mübahisəyə son qoymaq istəyirik və qarşı tərəfi də Yazıçılar Birliyi kimi nüfuzlu təşkilata daha təmkinlə və hörmətlə yanaşmağa çağırırıq".