CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Teleseriallara qarşı hiddət: "Camaata kriminalı təbliğ edirlər"

CC BY-SA 2.0 / David Boyle / Watching TVTelevizora baxan qadınlar, arxiv şəkli
Televizora baxan qadınlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"İndiki teleseriallar əhaliyə mənfi təsir edir, bu şəkildə davam etməsini qətiyyətlə istəməzdim"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 12 sentyabr — Sputnik. "Azərbaycanda çəkilən milli teleserialların keyfiyyəti hələ ki, istənilən səviyyədə deyil". Bu barədə ötən həftə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli açıqlama verib.

N. Məhərrəmli bildirib ki, xarici ölkələrdə seriallar bir növ maarifləndirici xarakter daşıyır: "Mən bir neçə dəfə demişəm, xarici seriallarda avtomobilə minəndə ilk növbədə təhlükəsizlik kəmərini bağlayırlar, siqaret çəkmirlər, sükan arxasında açıq şəkildə telefonla danışmırlar. Ancaq bizim seriallarda sanki bunun əksini edirlər, yəni təhlükəsizlik kəmərini bağlamaqdan söhbət getmir, qırmızı işıqda keçirlər və yaxud da sükan arxasında telefonla danışırlar".

Девушка смотрит телевизор - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Seriallar cəmiyyətə nə aşılayır?

"Bunlar olmamalıdır. Seriallar gündəlik həyat tərzini maarifçilik baxımından təbliğ etməlidir, xüsusən də lazımlı, yaxşı vərdişləri təbliğ etməlidir. Amma təəssüf ki, bizim seriallarda əks tərəfə meyl edirlər. Sanki daha çox kriminal sahələri təbliğ edirlər" — o, əlavə edib.

MTRŞ-nin bu sahəyə müdaxilə etmək səlahiyyətinin olub-olmaması məsələsinə toxunan N.Məhərrəmli bildirib ki, qurum ümumiyyətlə senzuranın tərəfdarı deyil: "Yaradıcılıq işlərinə də biz qarışa bilmirik. Lakin bu, o demək deyil ki, bizim səlahiyyətimiz yoxdur. "Televiziya və Radio Yayımı haqqında" qanun var. Bu qanunun maddələri pozulanda təbii ki, biz işə qarışacağıq".

Məsələ ilə bağlı sosioloq, professor Əhməd Qəşəmoğlu Sputnik Azərbaycan-a açıqlamasında, indiki teleserialların səviyyəsindən tamamilə narazı olduğunu dilə gətirib: "Çünki teleserialın özünün fəlsəfəsi var. Teleseriallar ona görə yaranıb ki, əhali arasında müəyyən qədər mentalitetin dəyişməsinə təsir etsinlər. Biz bundan elə istifadə etməliyik ki, mentalitet, davranış tərzimiz və bir çox vacib məsələlər arzu etdiyimiz şəkildə olsun. Ona görə də hər bir teleserial qarşısına maarifləndirici bir məqsəd qoymalıdır. Əgər teleserialda maarifləndirmə yoxdursa, o, serial deyil".

Onun fikrincə, hazırda seriallarımız təəssüf ki, daha çox Türkiyə və başqa ölkələrin teleseriallarının təsiri altındadır və orada baş verən hər hansı bir sərgüzəştləri, macəraları zəif şəkildə təkrar etməklə məşğuldur: "Sanki daha çox kriminal aləm barədə əhaliyə məlumat verirlər. Yəni, onlarda maarifləndirmə mənfi istiqamətdə gedir. İndiki teleseriallar əhaliyə mənfi təsir edir. Bu şəkildə davam etməsini qətiyyətlə istəməzdim".

Sosioloqun qənaətincə, ancaq xaricdən götürməklə, təqlid, təkrar etməklə heç bir sənət əsəri yaratmaq mümkün deyil: "Biz xarici teleserialların ideyasından, xarici texnikadan istifadə edə bilərik. Amma biz xalqımızın xüsusiyyətlərini nəzərə alaraq teleserialları yaratmalıyıq".

Televiziya proqramı, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Efirə gedənlər ciddi etiraz doğurur

"Biz daha çox serial çəkərkən sağlamlıq, mənəvi zənginləşmə və əməyə münasibət istiqamətlərinə fikir verməliyik. Bu istiqamətlərdə maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Eyni zamanda, teleserialları çəkənlərin özünü maarifləndirmək lazımdır" — Ə. Qəşəmoğlu vurğulayıb.

Media eksperti Azər Həsrət də Sputnik Azərbaycan-a açıqlamasında, xüsusilə MTRŞ tərəfindən keyfiyyət monitorinqinin aparıldığını deyib: "Hələ ki bizim televiziya kanallarında məni özünə bağlaya biləcək bir seriala rast gəlmirəm. Yəni, serial elə film növüdür ki, burada tamaşaçı istər-istəməz ona bağlanır, növbəti hissəni səbirsizliklə gözləyir. Amma Azərbaycanda şəxsən belə bir seriala rast gəlməmişəm".

"Digər tərəfdən, ucuz sensasiya axtaran, dedi-qoduya əsaslanan serialların efirdə baş alıb getməsi üzücüdür" — mütəxəssis bildirib.

"İstərdik ki, burada daha çox maarifləndirici filmlər göstərilsin. Amma bunu edə bilmirlər. Görünür, bu da istedad məsələsidir. Bununla yanaşı, həm də maliyyə məsələsi ola bilər. Hər halda çox və keyfiyyətsiz çəkməkdənsə, az və keyfiyyətli çəkmək daha məqsədəuyğun olar. Sevindirici haldır ki, MTRŞ növbəti dəfə bununla bağlı narahatlığını ifadə edir. Arzu edirik müvafiq tədbirlər görülsün ki, daha keyfiyyətli seriallara baxa bilək" — A. Həsrət vurğulayıb.

Xəbər lenti
0