BAKI, 12 sentyabr — Sputnik. Bu gün dünyanın müxtəlif yerlərində, indiyə qədər davam edən hərbi-siyasi qarşıdurmaların, terror fəaliyyətinin acı nəticələri, məsafələrdən asılı olmayaraq ölkəmizin də təhlükəsizliyinə təsir göstərir. Trend-in məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini İlqar Musayev, Ağdam rayonunun Quzanlı qəsəbəsində, "Vətəni müdafiəyə daim hazırıq" adlı Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumunda çıxışı zaman deyib.
O, qeyd edib ki, bunlara xüsusən son illərdə geniş vüsət almış dini radikallaşma meyllərinin güclənməsi, dini pərdə altında terrorçu və ekstremist fəaliyyətin yayılması kimi faktorlar da aiddir: "Təəssüf ki, əksəriyyəti gənclər olan bir qisim Azərbaycan vətəndaşı da radikal və ekstremist təbliğatın təsiri altında, ölkəmizə yaxın olan Suriya və İraqda fəaliyyət göstərən terrorçu təşkilatlara qoşulub. Məlumatlara görə, onların çoxu döyüşlər zamanı öldürülüb".
İ. Musayev vurğulayıb ki, terrorçu təşkilatlara qoşulmuş 82 nəfər Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub: "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna əsasən, terrorçu təşkilatların tərkibində döyüşdüklərinə görə son bir ildə 151 nəfər Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilib".