BAKI, 11 sentyabr — Sputnik. Baham adalarında çimərliyə gedən insanlar şoka düşüblər.
Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, "İrma" qasırğasının ən çox təsir etdiyi yerlərdən biri də Baham adalarıdır. Bu adalarda qasırğadan sonra okean yoxa çıxıb. Qorxunc qasırğanın yaratdığı təzyiq nəticəsində qeyri-adi hava meydana gəlib və sular sahillərdən çəkilib.
Sosial mediada yayılan kadrlardan da göründüyü kimi, normalda bir neçə metr hündürlükdəki suyun altında qalmalı olan yerlərdə adamlar sərbəst şəkildə gəzə bilirlər. Yerdəki dəniz balıqqulaqları və yosun qalıqları da diqqəti cəlb edir.
Bu sarsıdıcı görüntülərdən sonra hər kəsin ağlına gələn ilk sual çəkilən suların sunami şəklində geri qayıdıb-qayıtmayacağı idi. Xoşbəxtlikdən çəkilən sular sunami şəklində deyil, tədricən yerinə qayıdıb.
Baham adaları Atlantik okeanında, Florida yarımadasından cənub-şərqdə geniş Baham arxipelaqında yerləşir. Baham adaları əsasən mərcan tipli əhəng daşlarından ibarətdir. Baham 700 adadan (onlardan 30-da məskunlaşma var) və 2000 mərcan töküntüdən ibarət olan arxipelaqdır.