BAKI, 10 sentyabr — Sputnik. Almaniyanın Kiel Universitetinin alimləri ötən ilin əvvəllərində 29 kaşalotun Almaniya, Hollandiya, İngiltərə və Fransa sahillərinə çıxmasının səbəblərini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, elm adamları buna səbəb kimi 2015-ci ilin dekabrında baş vermiş Günəş fırtınalarını göstəriblər.
Alimlər kaşalotların istiqamətini müəyyən etmək üçün Yer kürəsinin geomaqnit sahəsini istifadə etdiyini bildiriblər. Günəş fırtınalarının daşıdığı yüklü hissəciklər və yaydığı yüksək radiasiya isə geomaqnit sahəsinin pozulmasına səbəb olur.
Araşdırmalar nəticəsində məlum olub ki, maqnit sahəsindəki pozulmalar balinaların istiqaməti müəyyənləşdirməsi üçün maqnetik dalğaları qəbul etmələrinə mane olur. Nəticədə heyvanlar dayaz sulara doğru istiqamətlənir.
Əvvəllər Günəş fırtınalarının arı və quşların istiqaməti təyin etmək qabiliyyətinə də təsir etdiyi sübut olunub.