BAKI, 8 sentyabr — Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xızı rayonunda aşkar olunmuş partlamamış hərbi sursatlar (PHS) haqqında məlumat yayıb. Qurumdan Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir:
"Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə:
07 Sentyabr 2017-ci il tarixində yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Sitalçay və Şurabad kəndləri ərazisində 1 evin həyətyanı sahəsinə, 1 əkin sahəsinə və dəniz kənarı əraziyə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 20 ədəd partlamamış hərbi sursat (PHS), 68 ədəd partlamış-yanmış mərmi qalıqları və 26 kq yandırma aşkar edilərək götürülüb.
Ümumiyyətlə, 12 gün ərzində 12 ev, 42 evin həyətyanı sahəsinə, 9 ferma ərazisinə, 15 əkin sahəsinə, 8 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xəttinə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilmiş, 3 961 ədəd partlamamış hərbi sursat, 2 685 ədəd partlamış-yanmış sursat qalıqları və 2 369 kq yandırma aşkar edilərək götürülmüş, nəticə etibarilə 19 878 584 kv.m (1 987.86 ha) ərazi yoxlanılıb.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb".