İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 8 sentyabr — Sputnik. Bütün bölgələr hansısa məhsulu ilə tanınır. Məsələn, Kürdəmir yemişi, Sabirabad qarpızı, Göyçay narı, Quba alması. Ordubad əriyi…
Bakı kəndləri də bu sıradan geri qalmır. Zirə pomidoru, Hövsan soğanı… və Nardaran, Bilgəh ənciri.
Ötən günlərdə yolum Maştağa qəsəbəsindən düşmüşdü. "Məmmədyarov dairəsi" adlanan ərazinin yaxınlığına avtomobillərin sıxlığı diqqətimi çəkdi. Dedilər, burda bazar yaradıblar — əncir bazarı. Dedim, həm əncir alım, həm də bazar əhli ilə bir az dərdləşim. Şəkil çəkdiyimi görən satıcılar dedilər ki, "sən gedən kimi PPX gəlib yığışdıracaq buranı".
Bazarda əncirin qiyməti 80 qəpikdən başlayır. Ötən gündən qalmış, yaxşıları seçilərək alınmış xırda əncirlər bazarda 80 qəpiyə satılır. Bir qədər böyük, şirəli əncirlər isə 1.80 qəpiyədir.
Satıcı Rasim Əhmədov deyir ki, bazara hər səhər yeni məhsullar gətirilir. Yeni məhsulların təbii ki, qiyməti də baha olur: "Uşaqlar səhər saat 5-də durub əncir yığırlar. Belə təzə ənciri 2 manata da satmaq olur. Amma saatlar keçdikdə, əncir köhnəlir, su salır. O zaman bu əncirin qiyməti düşür 1,70 manata. Əncir bazarda 2 gün qalanda isə onu 80 qəpiyə satırlar. Bu əncirdən ancaq mürəbbə bişirmək olur. Əgər yemək üçün əncir alırsınızsa, təzə dərilmiş əncir almalısınız".
Satıcının sözlərinə görə, bu bazarın da öz alverçiləri var. Avtomobillərin qarşısında durub bazara əncir gətirənlərə nağd pulunu verib, 30-40 qəpik ucuza alıb, satırlar. Hər kəs razı olmasa da, onların da dolanışığı bu işdən çıxır.
Digər satıcı Səlimə Əliyeva da öz bağının əncirini satır. Dediyinə görə, 10 sotluq əncir bağı var. Və bu bağdan götürdüyü gəlirlə özünü saxlayır.
"Ərim ölüb, uşaqlarım da Rusiyadadırlar. Ayda-ildə bir zəng edərlər, başqa da heç nə. Ərimdən qalan bağın məhsulu ilə özümü saxlayıram. Burdan götürdüyüm gəlir bütün ilimə bəs edir. Yaşlı adamam, kimim var ki?" — Səlimə xala danışır.
Qadın deyir ki, ənciri qonşunun kiçik qızlarına yığdırır. Onlara yığmaq üçün pul da verir.
Satıcılar bildirirlər ki, əncirin sağlamlıq üçün çox böyük faydaları var: "Səhər-səhər ac qarına əncir yemək mədə-bağırsaq sistemini tənzimləyir, qaraciyəri gücləndirir. Satılmayan əncirləri evə qaytarıb quruduruq. Əncir qurusu qışda çox baha qiymətə satılır. Onu südlə qarışdırıb içəndə öskürəyi kəsir. Təkcə yemək cinsi zəifliyi aradan qaldırır, immuniteti gücləndirir. Əgər bədəndə yara varsa, kərə yağı ilə əncir qurusu qoyanda, yaranı sağaldır. Mədə-bağırsaq yaraları varsa, zeytun yağında saxlayıb yemək yaraları sağaldır. Əncir mürəbbəsi isə qışda çox faydalıdır. Hər səhər 3 əncir mürəbbəsi yemək insanı soyuqlamadan qoruyur".
Rasim dayının sözlərinə görə, əncirin mövsümünün bitməsinə sayılı günlər qalıb: "Bir-iki həftədən sonra ağaclarda olan əncirlər şirələnəcək və quruyacaq. Sonra ağaclarda tək-tük qalır. Onu da sərçələr paralayıb yeyir. Kənd camaatı əncirdən qazandığı pulla qışa tədarük görür".
Satıcı kənd əncirinin niyə üstün olduğunu da açıqlayır. O bildirir ki, Nardaranın, Bilgəhin torpağı daha çox qumluq olduğu üçün burada yetişən əncirlərin xüsusi dadı olur: "Qum suyu canına daha çox çəkir. Deyirlər, əncir ağacına suyu çox verəndə dadsız olur, su dadı verir. Qum suyu özünə çəkdiyi üçün bizim əncirlər şirəli və şirin olur. Ona görə də Nardaran ənciri adla çağırılır".
Sonra Rasim dayıya təşəkkür edib, 1.70 satdığı əncirdən alıb uzaqlaşırıq. Həqiqətən Nardaran ənciri fərqliymiş…