BAKI, 8 sentyabr — Sputnik. 28 avqust 2017-ci il tarixindən Qəbələ rayonunun Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşə ərazisində başlamış yanğının söndürülməsi əməliyyatı başa çatıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Yanğın 7 sentyabr tarixində saat 17:00 radələrində söndürülüb. Ötən günlər ərzində həyata keçirilmiş təxirəsalınmaz və operativ tədbirlər nəticəsində yanğınların yaşayış məntəqələrinə və təsərrüfat sahələrinə keçməsinin qarşısı alınmış, əhali arasında xəsarət alan olmayıb.
Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin canlı qüvvəsi və texnikası cəlb olunmuşdu.