Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 8 sentyabr — Sputnik. 68: "Rəbbin bal arısına vəhy (təlqin) etdi: "Dağlarda, ağaclarda və insanların qurduqları çardaqlarda, üzümlüklərdə özünə evlər tik, pətəklər sal"
69: "Sonra bütün meyvələrdən ye və Rəbbin sənə göndərdiyi yolla rahat get (və ya Rəbbin yollarını itaətlə tut). O arıların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!"
Bu ayələr İslam dünyasının müqəddəs kitabı olan "Qurani-Kərim"dəki 114 surədən biri olan Ən-Nəhl (bal arısı) surəsinin 68-69-cu ayələridir. Həqiqətən də, bal arısının hazırladığı məhsul bir çox xəstəliklərin dərmanıdır. Bal arısı toplum halında işləyir. Yuvada ana arı tərəfindən idarə olunan bir böyük ailə yaşayır. Arılar komanda şəklində işləyərək kilometrlərlə yol qət edir, çiçəklərdən nektar çəkir və o nektarı bala çevirir.
Əslində, bal arıları nektarı özləri üçün və yuvada yumurtadan çıxan süfrələr üçün qışa azuqə kimi yığır. Amma insanlar lap qədim zamanlarda özlərinə qida axtarmağa başlayanda, bal arıları və dadından heç vaxt imtina edilməyəcək balla tanış oldular. Zaman keçdikcə insan heyvanları özünə ram etməyi, o cümlədən bal arısını saxlamağı da öyrəndi və beləcə arıçılıq yarandı.
Elə Azərbaycanda da arıçılıq lap qədim zamanlardan inkişaf etməyə başlayıb. IV əsrdə Azərbaycanda meşə arıçılığı, yəni ağac koğuşundan bal toplamaq geniş yayılmışdı. Buna bəzən "bal ovu" da deyirlər. Artıq XVIII əsrdən başlayaraq şəxsi arıçılıq təsərrüfatları geniş yayılmağa başlayıb.
Azərbaycan arıçıları müxtəlif növ pətəklərdən istifadə ediblər: budaq, gil və samanın qarışığından hazırlanan ğud, səbət və təknə kimi pətək növlərindən geniş istifadə olunub. XIX əsrdə isə çərçivə pətəkləri dövrü başlanıb və həmin dövrdən etibarən arıçılıq intensiv inkişaf edərək böyük gəlir gətirməyə başlayıb.
Azərbaycanda arıçılığın qədim və ən inkişaf etmiş ocaqları Quba-Xaçmaz, Şəki-Zaqatala, Kəlbəcər-Qubadlı, Dağlıq Qarabağ, Naxçıvan və Lənkəran-Astara sayılır. Elə bu gün də Astara balı öz adı ilə hər yerdə tanınır.
Astaranın bir çox kəndlərində, xüsusən də dağ kəndlərində arıçılıq geniş inkişaf edib. Ən qədim yaşayış məskənlərindən biri olan Şiyəkəran kəndinin sakini Hacı Əsgər Zeynalov da arıçılıq təsərrüfatı ilə məşğul olur. Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə həmsöhbət olan Hacı Əsgər arıçılığa həvəsinin böyük olduğunu deyir: "Əvvəllər taksi sürücüsü idim. Sonra arıçılıqla məşğul olmağa başladım".
"Təxminən 30 ildir ki, arıçılıq təsərrüfatıma var. Təsərrüfatımı yaradanda ilk əvvəl cəmi 10 arı ailəm var idi. Sonra arı ailələrinin sayını artırıb 100-ə çatdırdım. Keçən il arılarım xəstələndi və 30 arı ailəsi qırıldı, 70 ailəni xilas edə bildim. Arılar, bizim "arı qoturu" dediyimiz xəstəliyə yoluxmuşdular. Amma çox şükür ki, xəstəlik indi yoxdur" — o danışır.
Zeynalovun sözlərinə görə, arının hazırladığı bal neçə-neçə xəstəliklərə dərmandır: "Arı südü ürək-damar və qara ciyər xəstəliklərinə dərmandır. Arıda heç bir tullantı yoxdur. Hətta bal arısının ölüsü də dərmandır. Biz yarmarkalara gedəndə, bəzi adamlar arının ölüsünü istəyirlər. Çünki ölmüş arı xüsusi olaraq oynaq ağrılarının müalicəsində istifadə edilir. Məsələn, 100 qram mumu və 1 stəkan günəbaxan yağını isidib qarışdırdıqdan sonra əzələ ağrılarının müalicəsində istifadə olunur".
Hacı Əsgər bildirir ki, arı balı arasında ən gözəl bal "may balı" olur: "Arılarımızın bəslənməsi və təmiz bal verməsi üçün aprel ayının əvvəlində Masallının ərazisinə aparırıq. Çünki orada arılar yoncadan şirə çəkir. Mayda balı əldə etdikdən sonra pətəkləri ikinci dəfə bal əldə etmək üçün isə Aran zonasına və dağlıq zonaya aparırıq".
"Arılar yazda yonca çiçəyinin şirəsi ilə, yayda isə, əsasən meşədə cökə ağaclarının şirəsi ilə bəslənir. Keçən ilə məhsulumuz az oldu – cəmi 300 kiloqram bal toplaya bilmişdik. Bu il isə, Allaha çox şükür ki, 500 kilo bal yığmışıq" — arıçı qeyd edir.
Dediyinə görə, bu işlə tək məşğul olmaq çətindir: "Arı təsərrüfatımda mənə Rasim Muradov köməklik edir. Arıçılıq çox çətin işdir. Bizdə arılar üçün yem bazası yaradılmalıdır. Yəni arıların yaxşı qidalanması üçün xüsusi çiçəkli sahələr salınmalıdır, ağaclıqlar əkilməlidir".
O, qazancdan da danışır: "Əldə etdiyimiz balı sata bilmirik. Hazırda 500 kiloqrama yaxın balım qalıb, sata bilmirəm. Dövlət bizdən alıb özü qablaşdırıb satsa, daha əlverişli olar. Bu, həm bizə, həm də alıcılara xeyir olar. Bizə hökumətdən dəstək verilməlidir. Arılarımızın müalicəsi üçün dərman tapa bilmirik. Dərmanları xaricdən özümüz əldə edirik. İrandan arılarım üçün dərman gətirmək mümkün deyil. Baytarlıq apteklərində satılan arı dərmanları da keyfiyyətsizdir. Dövlətimizdən həm arıçılığın daha da genişləndirilməsi, həm müalicəsi, həm də arıların daşınması üçün (nəqliyyat vasitələri ilə təmin edilməsi) yardım istəyirik. Dəstək olsa arıçılıq daha da inkişaf edər, məhsulumuz da bol olar".