BAKI, 8 sentyabr — Sputnik. "Real Co" şirkətinin Xırdalan şəhəri, Bakı Mühəndislik Universitetinin yanında tikdiyi binalarda 3 gündür elektrik enerjisinin verilməsi dayandırılıb. Amma enerjinin kəsilməsi borcla deyil, hansısa digər müəmmalı səbəblə bağlıdır.
Sakinlərin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, "Azərişıq" ASC ilə əlaqə saxlasalar da onlara bildirilib ki, sözü gedən əraziyə Ceyranbatan işıq idarəsi nəzarət edir: "Biz Ceyranbatala da əlaqə saxladıq. Bildirdilər ki, Ceyranbatanda qəza baş verib. Hazırda təmir işləri gedir və elektrikin verilməsi bərpa ediləcək. Amma 3 gündür ki, dedikləri qəzanın fəsadları aradan qaldırılmır. Ətrafımızda bütün binaların işıqları yanır. Amma təkcə "Real Co" şirkətinin tikdiyi 3 binaya enerji verilmir".
Elektrik enerjisinin kəsilməsi səbəbindən yaralananlar da olub. Sakinlərdən biri qaranlıqda yıxılıb, ayağı qırılıb.
Ərazidə yaşayanlar bildirilər ki, vəziyyət belə davam edərsə, aksiya keçirərək, haqlarını tələb edəcəklər.