BAKI, 7 sentyabr — Sputnik. "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə yanacaqdoldurma məntəqələrində istehlakçılara təklif olunan benzinin keyfiyyəti ilə bağlı şikayətlər daxil olur". "APA-Economics" xəbər verir ki, bunu adıçəkilən qurumun sədri Ramiz Həsənov bildirib.
Onun sözlərinə görə, bu cür şikayətlərin sayı o qədər də çox deyil: "Ara-sıra bu qəbildən olan şikayətlər komitəyə daxil olur. Lakin onların sayı o qədər də çox deyil. Təbii ki, biz öz səlahiyyətlərimiz çərçivəsində bu müraciətləri araşdırırıq".
Komitə sədri əlavə edib ki, şikayətlərin bir çoxunun kökündə texniki səhvlər durur: "Bilirsiniz ki, Azərbaycana idxal olunan benzin "Euro-4" və "Euro-5" standartlarının tələblərinə uyğundur. Təbii ki, bu cür benzin köhnə avtomobillərdə istifadə olunan zaman müəyyən problemlər yaradır".