İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 6 sentyabr — Sputnik. Qarabağ müharibəsi iştirakçılarına, əlillərə hörmət etmək hər birimizin borcudur. Amma bu, heç bir halda onlara qayda-qanunları pozmaq hüququ vermir. Çox təəssüf ki, bəzi soydaşlarımız əlil statusundan sui-istifadə edərək, qaydaları kobud şəkildə pozur və bu zaman vaxtilə həyatlarını qorumaq üçün əlil olduqları insanların, bu dəfə dinc şəhərdə həyatını təhlükə altına atırlar.
Paytaxtın küçələrində əlillərin idarə etdikləri "Naz-Lifan", "Oka" markalı avtomobillərlə yol hərəkəti qaydalarını kobud şəkildə pozmasının, tıxaclar zamanı qarşı yola çıxmasının, işarəedici işıq siqnallarından istifadə etmədən yüksək surətlə hərəkət etməsinin, sıxlıq olan ərazilərdə digər avtomobillərə toxunmaqdan çəkinməyərək hərəkət etmələrinin şahidi oluruq. Bu hal kifayət qədər tez-tez baş verdiyindən, digər sürücülərin haqlı narazılığına səbəb olur.
Sputnik Azərbaycan-a danışan sürücü Arif Məmmədovun sözlərinə görə, bir neçə gün əvvəl "Oka" idarə edən bir sürücü ilə mübahisə edib və sürücü ona Qarabağ əlili olduğunu və hamıdan üstün olduğunu bildirib: "Sabunçu-Zabrat yolunda axşam saatlarında böyük tıxac var idi. Mən də hamı kimi "addım-addım" hərəkət edirdim. Bir də baxdım ki, sağımdan bir "Oka" sürtünərək keçdi. Onsuz da tıxac idi, çox irəli gedə bilmədi, düşüb avtomobilimə baxanda, dərin bir cızıq olduğunu gördüm. Sürücüyə polis çağıracağımı deyəndə, "get kimə istəyirsən şikayət elə, mən Qarabağ əliliyəm, mənə olar" dedi".
"Düzü, Qarabağ əlili olduğunu deyəndən sonra ona güzəşt etməyi düşündüm. Polis çağırmadım. Amma bu dəfə, o, əl çəkmirdi. Məni günahkar çıxarmağa çalışırdı. Qışqırığı, səsi ətrafı bürümüşdü. Ətrafdakılar onu sakitləşdirib avtomobilinə mindirdilər. Avtomobilini idarə edə-edə belə, məni söyürdü. Adam elə davranır ki, sanki onlar üçün xüsusi güzəştlər var, belə davranırlar. Amma qanuna baxdım, heç nə görmədim. Mənim üçün maraqlıdır, əlillərin yol hərəkətində xüsusi imtiyazları varmı?" — Məmmədov sual edir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əlillər də başqaları kimi hərəkət iştirakçısı, sürücüdürlər: "Onlar da nizam-intizamlı olmalı, ən azından öz təhlükəsilziyini təmin etməyi bacarmalıdırlar".
Əsədov bildirir ki, həqiqətən də əlillərə xüsusi qayğı, diqqət və hörmət olunur: "Amma bəzi əlillər həqiqətən də onlara göstərilən qayğı, diqqət və hörmətdən sui-istifadə edərək, yol hərəkəti qaydalarını pozurlar. Tərtib edilən protokolları təhlil edəndə sıralarında həqiqətən əlil olan sürücülərin də olduğu məlum olur. Ancaq əlillərin çoxu yol hərəkəti qaydalarına əməl edir".
"Onu da qeyd edim ki, əlillərə əvvəllər avtomobil verilmişdi. Hələ də bəzi əlillər var ki, həmin avtomobilləri dövlət nömrə nişanı olmadan idarə edirlər. Onlar yol hərəkətindən kənarlaşdırılaraq, müvəqqəti mühafizə olunan dayanacaqlara aparılır" — DYP sözçüsü vurğulayır.
O, əlavə edir ki, "Yol hərəkəti haqqında" qanunda konkret inzibati tənbeh tədbirləri göstərilib: "Güzəştdən söhbət gedə bilməz. Konkret olaraq yol hərəkətində hər kəs bərabər hüquqludur. Əlillər onlara verilən nəqliyyat vasitələrini düzgün idarə etməli, yol hərəkəti haqqında qanunun tələblərini bilməli və yerinə yetirməlidir".
Hüquqşünas Fərid Həmidli də Sputnik Azərbaycan-a bildirir ki, "Yol Hərəkəti haqqında" qanunda əlillər üçün xüsusi imtiyazlar nəzərdə tutulmayıb: "Qanun hamı üçün qanundur. Amma yol polisləri çox zaman onların vəziyyətini nəzərə alaraq, güzəştə gedirlər".
Və bu da sonda onunla nəticələnir ki, əlil sürücülər "mən əliləm, güzəşt ediləcək" deyə qaydaları kobud şəkildə pozurlar" — o, diqqətə çatıdırır.
"Məsələn, bu yaxınlarda mən də belə bir hadisə ilə qarşılaşdım. Arxa şüşəsinə böyük şəkildə "Ya Əli" yazılmış "Naz-Lifan" saatda 90 kilometrlik yolda yanımdan bəlkə də 180 sürətlə keçdi. Onların belə davranışları qəza şəraiti yaradır. Hesab edirəm ki, belə sürücülər üçün xüsusi ölçü götürülməlidir" — Həmidli qeyd edir.