BAKI, 6 sentyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında sentyabrın 7-də mülayim cənub-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, axşama doğru bəzi yerlərdə arabir yağış yağacağı ehtimal olunur.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-25, günün birinci yarısında 31-33, axşam 24, Bakıda gecə 23-25, günün birinci yarısında 31-33, axşam 24 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 753 mm civə sütunundan 762 mm civə sütununadək yüksələcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 7-də səhər şimal və şərq rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, axşam ayrı-ayrı yerlərdə yağışın intensivləşəcəyi, dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
Nazirlik xəbərdarlıq da edir: Bir neçə gün davam edən isti hava şəraitindən sonra sentyabrın 7-si gündüzdən sentyabrın 8-i səhərədək Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı düşəcək.
Sentyabrın 7-si gündüzdən sentyabrın 8-i gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Tibbi-meteoroloji proqnoza gəlincə: Sentyabrın 7-si gündüzdən sentyabrın 8-i səhərədək Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.