BAKI, 6 sentyabr — Sputnik. Sabah Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə ilə bütün ermənilərin katolikosu II Qaregin arasında görüş olacaq.
Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistanın dini liderlərinin görüşü ənənəsi yeni deyil. Onlar 2003-cü ilin 26 noyabrında da Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin təşəbbüsü ilə RF paytaxtında bir araya gəliblər. Həmin görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə bütün ermənilərin katolikosu II Qareginə bildirib ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edən və bunun nəticəsində bir milyona yaxın adamı qaçqın-köçkün vəziyyətinə salan dövlətdir. Şeyxülislam Ermənistanı beynəlxalq hüquq normalarına – dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət etməyə çağırıb. II Qaregin də öz növbəsində iddia edib ki, guya Dağlıq Qarabağ ərazisində ermənilərin mədəni-milli dəyərləri, abidələri dağıdılıb.
Üç ölkənin dini liderləri 2010-cu ilin 26 aprelində Bakıda, "Gülüstan" sarayında təşkil olunan dünya dini liderlərinin ikigünlük Bakı sammitində də bir araya gəliblər. A.Paşazadə sammitdəki çıxışı zamanı bəzi çətinliklərə baxmayaraq, onun dəvətini qəbul edib Bakıya gələn II Qareginə təşəkkür edib. Onun sammitdə iştirakını sülh yolunda atılan önəmli əməl kimi dəyərləndirib.
II Qaregin də öz növbəsində sammitin təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edib. O, etnik münaqişələrin mövcudluğunun bir çox dini dəyərləri də təhlükə altına saldığını deyib. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün Ulu Tanrıya dua etdiklərini və bu yolda səylərini davam etdirəcəklərini bildirib.
Ümumiyyətlə, üç ölkənin dini liderləri arasında mütəmadi görüşlər və telefon danışıqları baş tutur. Məsələn, 2003-cü ilin fevralında II Qaregin Allahşükür Paşazadəyə zəng edərək verdiyi sözə əməl etdiyini, azərbaycanlı əsir Elməddin Abıyevin azadlığa buraxılması ilə bağlı Ermənistan prezidenti Robert Köçəryana müraciət etdiyini bildirib. Katolikos Şeyxülislamı əmin edib ki, məsələ yaxın vaxtlarda müsbət həll olunacaq.
2011-ci ilin noyabrında MDB Dinlərarası Şurasının Yerevanda keçirilən toplantısı çərçivəsində Allahşükür Paşazadə, II Qaregin və Moskva və Ümumrusiya patriarxı Kirillin üçtərəfli görüşü olub. Sonra onların Ermənistan prezidenti Serj Sarkisyanla da birgə görüşü keçirilib. Bu görüşlərdə dini liderlərin Qarabağ münaqişəsinin dinc yolla həllinə, bölgə xalqlarının yenidən dinc və yanaşı yaşamasına verə biləcəkləri töhfələr müzakirə olunub.
2014-cü ilin avqustunda isə II Qaregin həmin vaxt cəbhə bölgəsində baş verən gərginliklə bağlı A.Paşazadəyə müraciət ünvanlayıb. Paşazadə onun müraciətinə cavab verərək bildirib ki, hərbçilərin ölümünə və sərhədyanı ərazilərdə yaşayan insanların dinc həyatının pozulmasına gətirib çıxaran bu gərgin vəziyyətdən narahatlığını tam bölüşür. İnsan həyatına qəsdin Tanrı qarşısında böyük günah olduğunu vurğulayan Paşazadə Ermənistanın dinc Azərbaycan vətəndaşlarının həyatına qəsd etdiyini xatırladıb. O, "Uca Yaradanın iradəsi ilə qonşu olmuş xalqlarımız" arasında ədalətli və möhkəm sülhün bərqərar olması üçün erməni siyasətçilərin konstruktiv mövqe tutmalı olduğunu qeyd edib. Bütün Qafqazın şeyxi II Qaregini Azərbaycan və erməni xalqları arasında sülh və etimadın bərpası üçün öz nüfuzundan istifadə edərək Ermənistan hakimiyyətinə təsir göstərməyə çağırıb.
2016-cı ilin 22 noyabrında Allahşükür Paşazadə patriarx Kirillin 70 illik yubileyində iştirak etmək üçün Moskvaya gedib. Görüş zamanı dünyada son illər baş verən, dünya ictimaiyyətini narahat edən hadisələrdən, xüsusilə də Yaxın Şərqdə dinindən asılı olmayaraq günahsız qanların axıdılmasından bəhs edən Kirill, Paşazadə ilə bir çox məsələlərdə həmrəy olduqlarını, eyni mövqedən çıxış etdiklərini bildirib. Dağlıq Qarabağ problemini xüsusi olaraq dilə gətirən patriarx, münaqişənin sülh yolu ilə ədalətli həlli üçün vasitəçilik səylərini bundan sonra da davam etdirəcəyini deyib.
Elə həmin gün Rusiyanın baş naziri Dmitri Medvedevin iştirakı ilə Şeyxülislam A.Paşazadə və erməni katolikosu II Qaregin arasında xoşməramlı görüş də baş tutub.