BAKI, 5 sentyabr — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 5-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu və Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri Mixeil Canelidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Sputnik Azərbaycan prezidentin mətbuat xidmətinə istinadla xəbər verir ki, prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bu yaxınlarda Qurban bayramı ilə əlaqədar telefonla danışdıqlarını, hər iki dövlət başçısının təmaslarının daimi xarakter daşıdığını vurğulayıb. Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin Bakıda keçiriləcək üçtərəfli görüşünün əhəmiyyətinə toxunan dövlət başçısı bu görüşün ölkələrimiz arasında ikitərəfli əlaqələrin müzakirəsi üçün də yaxşı fürsət yaratdığını qeyd edib. Hər üç ölkə arasında müzakirə olunacaq çoxlu sayda məsələlərin olduğunu deyən Prezident İlham Əliyev siyasi, iqtisadi, enerji, nəqliyyat kimi sahələrdə artıq yaxşı nəticələrin əldə edildiyini bildirib.
Dövlət başçısı üç ölkə arasında aparılan işlərin həm ölkələrimiz, həm də ümumilikdə bölgə üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Bu formatda artıq bir neçə ildir ki, görüşlər keçirildiyini vurğulayan Prezident İlham Əliyev bunların həm siyasi, həm də iqtisadi məsələlərin həlli üçün önəmli üçtərəfli format kimi özünü təsdiqlədiyini və nümunəvi bir format olduğunu deyib.
Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Mövlud Çavuşoğlu Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşünün ölkələrimizin yerləşdiyi bölgənin sabitliyi və iqtisadi inkişafı üçün önəmli olduğunu vurğulayıb, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bu işlərə verdiyi töhfəyə görə dövlət başçısına minnətdarlığını bildirib.
Dövlət başçısı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.
Görüşdə ölkələrimiz arasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Mixeil Canelidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə də Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçiriləcək üçtərəfli görüşünə toxunaraq bu tədbiri əməkdaşlığın mühüm formatı kimi dəyərləndirib. Bunun ölkələrimizin regional əməkdaşlığının möhkəmləndirilməsi işinə xidmət etdiyini deyib. Azərbaycan Prezidenti bu formatın həm üçtərəfli, həm də ikitərəfli məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib.
Qeyd edib ki, Azərbaycan-Gürcüstan ikitərəfli münasibətləri uğurla inkişaf edir, bütün istiqamətlərdə yaxşı nəticələr əldə edilib. Dövlətimizin başçısı ümumilikdə əlaqələrimizin inkişaf dinamikasının razılıq doğurduğunu və bir sıra mühüm sahələrdə əməkdaşlığımızın genişləndiyini vurğulayıb.
Mixeil Canelidze isə ilk növbədə, ölkəsindəki meşə yanğınları zamanı Azərbaycanın göstərdiyi köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib və bunun ölkəsi üçün çox böyük dəstək olduğunu deyib. İkitərəfli əlaqələrin fəal surətdə inkişaf etdiyini vurğulayan nazir ticarət dövriyyəsinin, iqtisadi sahədə əməkdaşlığın genişlənməsinin bunun yaxşı göstəricisi olduğunu qeyd edib. Gürcüstanda strateji nəqliyyat layihələri üzrə mühüm işlərin görüldüyünü deyən nazir Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin bu il başa çatdırılacağına ümidvar olduğunu bildirib.
Görüşdə ölkələrimiz arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.