BAKI, 5 sentyabr — Sputnik. Ağdamda, Qarqar çayının sahilində 1 ədəd Ermənistan istehsalı olan piyada əleyhinə mina (AMN) aşkar edilib.
Sutnik Azərbaycan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinadla xəbər verir ki, 04 sentyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağdam rayonu Əfətli kəndi ərazisində 1 ədəd minanın aşkar olunması barədə məlumatlar daxil olub.
Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə Qarqar çayının sahilində otlaq sahəsinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd Ermənistan istehsalı olan piyada əleyhinə mina (AMN) aşkar edilib. Minanın daşınması mümkün olmadığına görə, o, 05 sentyabr 2017-ci il tarixində partlayış yolu ilə yerində zərərsizləşdirilib.
Aşkar olunmuş minanın ətrafında 8 000 kv.m əraziyə yerüstü baxış keçirilib. Bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.