Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda riskli meydan: burada nə qazanmaq var, nə geri çəkilmək

© Sputnik / Murad OrujovƏldən-ələ pul ötürən adamlar, arxiv şəkli
Əldən-ələ pul ötürən adamlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kimlərsə bu sahəni öz siyahısından çıxararsa, ciddi problemlər ortaya çıxa bilər

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 5 sentyabr — Sputnik. Azərbaycanda ən zərərli sığorta növləri məlum olub. Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatasının sığorta bazarı ilə bağlı açıqladığı 6 aylıq hesabata əsasən ölkədə ən zərərli sığorta növlərini tərtib edib. Hesabata əsasən, Azərbaycanda ən zərərli sığorta növü işçilərin dələduzluğu sığortasıdır.

© Photo : Seymur Kərimli / Interview.azİqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov  - Sputnik Azərbaycan
İqtisadçı-ekspert Rəşad Həsənov

Belə ki, bu ilin birinci yarısında bu sığorta növü üzrə toplanan sığorta haqları ödənişlərdən 2,6 dəfə az olub. Siyahıda ən zərərli sığorta növləri arasında növbəti yeri yük daşıyanın mülki məsuliyyətinin sığortası tutub — 1,6 dəfə. Kənd təsərrüfatı bitkilərinin sığortası üzrə builki ödənişlərin artması bu sığorta növünü ən zərərlilər sırasında ilk üçlüyə daxil edib. Kənd təsərrüfatı sığortası üzrə məşğul olan şirkətlər ümumilikdə 106,1% ödəniş ediblər.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında, bu sahələrin riskli olduğunu deyib: "Təkcə Azərbaycanda deyil, digər ölkələrdə də qeyd edilən istiqamətlər riskli sahələr hesab edilir. Amma sığorta şirkəti əgər çoxçeşidli, eyni zamanda, təkmil xidmətlər təklif etmək istəyirsə, bu xidmətləri də öz siyahısına daxil etməlidir".

"Hər hansı bir sığorta istiqaməti üzrə müəyyən dövrdə gəlirin əldə olunması mütləq deyil. Hətta biz onu da müşahidə etmişik ki, bəzi hallarda risksiz sahələr də hər hansı bir kütləvi problemin ortaya çıxması, qəzanın baş verməsi və s. sığorta şirkətlərinin həmin bənd üzrə zərərlə fəaliyyətini şərtləndirən amil olub" — Həsənov bildirib.

Ekspert düşünmür ki, qeyd edilən sahələrdə Azərbaycanda sığorta şirkətləri öz fəaliyyətlərini hansısa formada məhdudlaşdırmalıdır: "Çünki bu sahələr, xüsusilə kənd təsərrüfatı ölkə iqtisadiyyatının mühüm istiqamətləridir. Bu gün kənd təsərrüfatında sığorta ən böyük problemlərdən biridir və növbəti dövrlərdə bu sahənin inkişafında əsas amillərdən biri də sığorta mexanizminin təkmilləşdirilməsi və burada sığortalanma səviyyəsinin artırılmasıdır".

"Yəni, belə bir halda sığorta sahəsində fəaliyyət göstərən qurumların hansısa formada "zərərlə fəaliyyət göstərmişik" deyə öz xidmətlərini məhdudlaşdırması və yaxud da təklif etdiyi siyahıdan çıxarması iqtisadi proseslərin inkişafını əngəlləyə bilər" — həmsöhbətimiz vurğulayıb.

İqtisadçının sözlərinə görə, "yük daşıyanın mülki məsuliyyətinin sığortası" anlayışı o deməkdir ki, daşımanı həyata keçirən şəxs və yaxud şirkət öz öhdəliklərini yerinə yetirmədiyi zaman və yaxud da öhdəliklərini yerinə yetirmə prosesində hər hansı bir qəza baş verərsə, bu qəza sığortalanır: "Ümumiyyətlə, daşıma, nəql etmə riskli sahələrdən biridir. Ola bilər, sığorta şirkəti bu sahədə müəyyən bir dövr üçün gəlir əldə etməsin. Amma bu, o demək deyil ki, digər maliyyə illərində, rüblərdə sığorta şirkətləri zərər görəcəklər. Sığortalanma prosesində fərqli dövrlər üçün fərqli şərtlər əsas rol oynayır".

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

İqtisadçı-ekspert Vüqar Bayramov isə Sputnik Azərbaycan-a açıqlamasında, sığorta növlərinin zərərli olmasının birbaşa həmin sığorta hallarının daha çox baş verməsi ilə bağlı olduğunu deyib: "O halda sığorta növü zərərli hesab edilir ki, sığorta şirkəti əldə etdiyi gəlirdən daha çox vəsait xərcləyir, yəni, sığorta şirkətinin xərcinin çox olması müşahidə olunur. Bu da həmin sığorta növünün zərərli olmasına gətirib çıxardır. Həmin sığorta növlərinin zərərli olması birbaşa sığorta hadisələrinin tez-tez baş verməsi ilə bağlıdır".

Onun fikrincə, dünya təcrübəsində belə hallar zamanı sığorta haqlarını optimallaşdırırlar: "Bu yolla zərəri minimuma endirməyə çalışırlar. Əks halda, zərərin artması sığorta növünün cəlbedici olmamasına gətirib çıxarır. Sığorta şirkətləri bütün növ sığortanı təklif etməkdə maraqlıdır".

"Burada əsas çıxış yolu sığorta haqlarının optimallaşdırılması yolu ilə zərərin minimuma endirilməsinə nail olmaqdır. Sığorta şirkətləri haqları optimallaşdıra bilərlərsə, bu, sığorta zərərlərinin minimuma endirilməsinə gətirib çıxarda bilər" – deyə iqtisadçı bildirib.

Xəbər lenti
0