İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 5 sentyabr — Sputnik. Bakı şəhəri, Nəsimi rayonu, Keykab Səfərəliyeva küçəsi 25 ünvanın sakinləri narazıdırlar. Amma bu dəfə sakinlərin narazılığı hansısa tikinti şirkətindən deyil, "Azəravtoyol" ASC-dəndir.
Bina sakinləri Sputnik Azərbaycan-a müraciət edərək şikayətlərini aidiyyatı qurumlara çatdırmağımızı xahiş edirlər. Biz də əraziyə baş çəkərək, sakinlərin şikayətlərini dinlədik, yaşadıqları mənzillərə baxdıq.
Qeyd edək ki, bu bina ötən əsrin 75-80-cı illərində "Tramvay-Trolleybus İdarəsi"nin yataqxanası olub. Sakinlərin dediklərinə görə, idarədə işlədikləri zaman ev növbəsinə dayanıb və müvəqqəti olaraq burada yaşayıblar. SSRİ dağılandan sonra idarə fəaliyyətini dayandırıb, oranın işçiləri isə yataqxanada yaşamaqda davam ediblər.
Qarabağda müharibə başlayandan sonra yataqxanada məcburi köçkünlər də məskunlaşıblar. 2011-ci ildə isə sakinlər yaşadıqları mənzilləri özəlləşdirərək, çıxarış alıblar. Dediklərinə görə, onlar "Tramvay-Trolleybus İdarəsi"ndə çalışdıqları zaman bu yataqxanada qalsalar da, mənzillərin kiçikliyi onları narahat etmirmiş.
Çünki ev alacaqlarına ümidləri varmış. Müharibə başlayır, idarə fəaliyyətini dayandırır, ev növbəsinə olan ümidlər qırılır. İndi bu yataqxanada yaşayanların bu kiçik mənzillərdən başqa heç nəyi yoxdur. "Azəravtoyol" isə bunu da onlara çox görür.
Əlyar Baxışov adlı sakin deyir ki, ali təhsilli müəllimdir və 2000-ci ildən bu yataqxanada yaşayır: "Bizim mənzilimiz 12 kvadratmetrdir. "Azəravtoyol"dan bizə bildiriş gəlib ki, mənzilləriniz söküləcək. Və bizə hər kvadratmetr üçün 1500 manat kompensasiya verilir. 18 min manata Bakıda harada mənzil var? Mən bu pula heç nə ala bilmərəm".
Onun sözlərinə görə, "Azəravtoyol" ASC-dən bildirilir ki, guya əraziyə yol çəkiləcək. Ancaq artıq yol çəkilişi bitib. Baxışov hesab edir ki, onlar yaşadığı binanın arxasında yeni çoxmərtəbəli binalar tikilib, amma həmin binaların həyəti olmadığı üçün heç kim almır. Onların binasının sökülməsinin də əsas səbəbi həmin çoxmərtəbəli binaların qarşısının açılması məqsədi daşıyır.
Yataqxana sakini Gülsabah Muradova deyir ki, 40 ildir bu binada yaşayır. Dediyinə görə, əvvəllər "Tramvay-Trolleybus İdarəsi"də çalışıb. O vaxtlar idarənin balansında ev növbəsinə dursa da, sonradan idarənin fəaliyyəti dayandırılıb. Müharibə başlayandan sonra isə məcburi köçkünlər də bu yataqxanada məskunlaşıb.
"Biz məcburi köçkünlərlə eyni binada yaşayırıq. Bu günə qədər heç bir problemimiz olmayıb. İndi "Azəravtoyol" bizim binamızı sökmək istəyir. Təklif etdikləri kompensasiya isə çox azdır. Bizim mənzillərimiz çox kiçikdir. Bizə təklif edilən pulla biz heç nə ala bilmərik" — qadın danışır.
G. Muradova bildirir ki, bacısının övladı Qarabağ uğrunda gedən müharibədə şəhid olub: "Məzarı da bəlli deyil və həmin bacım da uzun illərdir ki, heç kimi olmadığı üçün mənimlə yaşayır".
Bina sakini Dilarə Novruzova, nə olur olsun, mənzilini tərk etməyəcəyini bildirir: "Ermənistandan bura qaçmışam. Burdan hara qaçım? Mənzilim 14 kvadratdır. Verdikləri pulla mən harada ev ala bilərəm? Razıyam! Bir şərtlə ki, mənə bir otaqlı mənzil versin və ya bir otaqlı mənzilin pulunu versin. Yaşlı adamam, küçələrdə ölməliyəm?"
Bina sakini Elduzə Abbasova, 1984-cü ildən bu yataqxanada yaşadığını diqqətə çatdırır "Prezidentimizin sərəncamı ilə mənzilimə çıxarış da almışam. Bir balam var idi, o da dünyasını dəyişdi. Tək-tənhayam. Yazığam, ümidim tək Prezidentimizədir. Xahiş edirəm, bizə kömək etsinlər. Bizi evlərimizdən küçələrə tökməsinlər. Mənim mənzilim 18 kvadratmetrdir. Özünüz hesablayın, buna ev almaq mümkündürmü? Biz yazığıq, bizə kömək edin!"
Bina sakini Çinarə Quliyevanın sözlərinə görə, 4 ildir ki, ailə həyatı qurub. İmkanları az olduğu üçün bu ərazidə ipoteka ilə ev götürüblər: "Bankdan 30 min manat ipoteka götürmüşük. Bizə "Azəravtoyol" 46 min manat təklif edir. Onun da 23 min manatını banka ödəməliyəm. 23 min manata mən mənzil ala bilərəmmi? Azyaşlı övladımız da var. Ümidimiz ancaq ölkə rəhbərliyinədir".
Digər sakin Məleykə Əliyeva deyir ki, burada yaşadığı mənzilində çox xoşbəxtdir: "Mən çox xoşbəxtəm. Çünki Mərkəzi Neftçilər Xəstəxanasına yaxın yaşayıram. Bir oğlum vardı, göndərdim hərbi xidmətə. Qayıdanda da 1-ci qrup əlil qayıtdı. Dializ xəstəsidir. Araşdırsınlar arxivləri ki, mən o uşaqla bir dəfə də olsun hansısa xəstəxanada yatmışammı? Xeyr. Mən sağlam uşaq böyütmüşdüm. İndi bilirsiniz niyə xoşbəxtəm? Çünki oğlumun ağrısı tutanda qucağıma alıb xəstəxanaya çatdıra bilirəm".
"Verdikləri pulla mən Kürdəxanıda ev ala bilərəm. O uşağı oradan xəstəxanaya çatdıra bilərəmmi? Elə qucağımda ölər. Dövlət başçısına müraciət edirəm, bizə yardım etsin. Heç nə demirik, bizi neçə kvadrat evimiz varsa, elə o qədər kvadratı olan mənzillə təmin etsinlər. Elə bu ərazidə" — M. Əliyeva dərdini dilə gətirir.
Arzu Xudayarova isə qeyd edir ki, uzun illərdir binanın zirzəmisində yaşayırlar. İki övladı da var. Dediyinə görə, onlara təqdim edilən kompensasiya Bakı və ya Bakıətrafı kəndlərdə mənzil almağa çatmır.
Bina sakini Aslanov Pərvazın sözlərinə görə, 2002-ci ildən bu binada yaşayırlar: "Bir mənzildə iki ailə yaşayırıq. Bizə 48 min manat pul təklif edilir. Amma biz iki ailəyik. Necə edə bilərik? Prezidentimizdən bizə yardım etməsini xahiş edirik".
Sakinlər deyirlər ki, ətrafda olan yeni binalarda mənzillərin kvadratmetri 3500 manatdır. Onlara təklif edilən məbləğ isə 1500 manat. Bildirirlər ki, onlara verilən pulla heç Bakı kəndlərində də ev almaq mümkün deyil.
Sakinlərin şikayətlərini dinlədikdən sonra yaşadıqları mənzillərə baş çəkdim. Onların vəziyyəti həqiqətən də acınacaqlı idi. Yataqxananın mənzilləri çox kiçik, təmirsiz, koridorlar kirli və qaranlıq idi. Amma buna baxmayaraq, şəhərə yaxın olduğu üçün sakinlər öz mənzillərində xoşbəxt olduqlarını deyirlər.
Sakinlər kompensasiya məbləğinin azlığı ilə bağlı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədova və digər aidiyyatı qurumlara müraciət ünvanlanlayıblar. Amma dediklərinə görə, hələ ki, heç bir nəticə yoxdur.
Məsələ ilə bağlı "Azəravtoyol" ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, kompensasiyanın ödənilməsini "Azəravtoyol" təyin etmir: "Kompensasiya, qanunvericiliyə əsasən müvafiq icra qurumu tərəfindən təyin edilir. Biz sadəcə olaraq icra edirik. İstisna hal kimi hər hansı bir dəyişiklik olarsa, o zaman biz də bu dəyişikliyə uyğun addım atacağıq. Bir daha təkrar edirəm ki, "Azəravtoyol" ASC heç bir kompensasiya təyin etmir".
Anar Nəcəfli həmçinin bildirdi ki, bina, çəkilən yolun ətrafında abadlaşdırma işləri aparmaq üçün sökülür: "Həmin ərazidə yeni yolun çəkilişi zamanı söküntü işləri də oldu. İki mərtəbəli bina və həyət evləri söküldü. Həmin layihə çərçivəsində planda beşmərtəbəli yataqxananın da sökülməsi var idi. Layihə hissə-hissə icra edildiyi üçün yataqxananın sökülməsi işlərinə bundan sonra başlanacaq. Ancaq hələ ki, binanın nə zaman söküləcəyi bəlli deyil. Binadan tam köçürülmə aparılmadan heç bir söküntüdən söhbət gedə bilməz".
Qeyd edək ki. Bakı şəhəri Nəsimi rayonu, Keykab Səfərəliyeva 25 ünvanında yerləşən binada 110 yerli və məcburi köçkün ailəsi yaşayır. Ancaq sakinlər kiçik kvadratlı mənzillərini özlərinə uyğun düzəldiblər. Şəraitlərindən narazı deyillər və deyirlər ki, onları bu mənzillərdən çıxarsalar, küçələrdə qalacaqlar. Çünki təklif edilən pul ilə heç Bakının uzaq kəndində belə, bir otaqlı mənzil almaq mümkün deyil.