Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 1 sentyabr — Sputnik. Avropa ənənəvi enerji növlərindən imtina edərək alternativ enerjidən istifadəni artırmağa davam edir. "Investing.ru" saytı xəbər verir ki, hazırda təbii qaz Avropada, əsasən, elektrik stansiyalarına və istixanalara paylanılır.
Qeyd edək ki, 2016-cı ilin sonunda Qərbi, Şərqi Avropa və Türkiyədə generasiya edilən elektrik enerjisinin 16,6%-i alternativ mənbələrdən (günəş, külək, bioyanacaq və geotermal mənbələr) təmin edilib. 1996-cı ildə bu göstərici 1%-dən aşağı, 2006-cı ildə isə 4,6% təşkil edib. Hazırda elektrik enerjisinin illik generasiyası 611 teravatt, 2006-cı ildə 172, 1996-cı ildə 33 teravatta bərabər olub. 2030-cu ilə qədər ekspertlər məcmu elektrik enerjisinin 35%-nin alternativ mənbələrdən generasiya ediləcəyini düşünürlər.
Norveç artıq tam şəkildə, Avstriya, Danimarka, İsveç, İsveçrə və Portuqaliya isə 50%-dən yuxarı "yaşıl energetika" ilə (su elektrik stansiyaları və alternativ enerji növləri) özünü təmin etməyə başlayıb. Atom enerjisi də nəzərə alınarsa, əsas Avropa ölkələrinin enerji balansında qaz, kömür və neftin payı sıfıra yaxınlaşır.
Bəs Avropanın ənənəvi enerji növlərindən imtina etməsinin Azərbaycana təsiri olacaqmı və ölkəmizdə alternativ enerjidən istifadə sahəsində vəziyyət necədir? Məsələ ilə bağlı enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Sputnik Azərbaycan-a açıqlamasında, 2014-cü ilin ikinci yarısından başlayaraq qlobal neft bazarlarında qiymətlərin kəskin şəkildə aşağı düşməsinin bir neçə səbəbi olduğunu deyib: "Birincisi, tələbatdan artıq neft həcmlərinin bazarlara daxil olması olub. İkincisi, inkişaf etmiş ölkələrin enerjiyə qənaət üzrə proqramın ilk mərhələsinin başa çatması ilə bağlıdır. Üçüncü səbəb isə dünya avtomobil parklarına artan dinamika üzrə daxil olan elektromobil maşınlar olub".
"Bu səbəblər beynəlxalq bazarlarda həm neftin, həm də qazın qiymətini təsir altına alıb. Beynəlxalq bazarlarda həm qazın, həm də qazdan alınan neft-kimya məhsullarının qiyməti neftin qiymətinə bağlıdır. Neftin qiyməti artırsa, boru-kəmər və sıxılmış qazın, daş-kömürün də qiyməti qalxır" — mütəxəssis bildirib.
Onun sözlərinə görə, neft, qaz və daş kömürün tükənən mənbələr olduğunu nəzərə alaraq, artıq illərdir alternativ enerji mənbələrinin inkişafı ilə bağlı hər bir dövlət öz imkanları çərçivəsində proqramlar həyata keçirir: "Hazırda dünyanın enerji balansında alternativ və bərpa olunan energetikanın xüsusi çəkisi elə də yüksək deyil, amma, perspektivdə yüksələn xətt üzrə davam edəcək. Məsələn, Çin və Hindistan neft idxalına görə öndə gedən ölkələrdir. Çinin gündəlik neft idxalı 8,5 milyon bareldən, Hindistanın isə gündəlik neft idxalı 4,2 milyon bareldən çoxdur. Bu kimi ölkələrdə əgər alternativ və bərpa olunan energetikanın inkişafı davam edəcəksə, 10-15 ildən sonra neftə olan tələbat kəskin şəkildə aşağı düşəcək".
Ekspertin fikrincə, amma bununla bağlı fərqli fikirlər var: "Məsələn, Beynəlxalq Enerji Agentliyi proqnoz verir ki, 2040-cı ildə neftə olan tələbatın pik dövrü olacaq. 2040-cı ildə dünyanın gündəlik neftə olan tələbatı 103 milyon bareldən çox olacaq. Amma agentlik digər bir proqnozunda göstərir ki, 2018-ci ildə dünyanın gündəlik neftə olan tələbatı 99,4 milyon barel olacaq. Deməli, 2018-2040-cı illər arasında dünyada neftə olan tələbat elə də yüksək olmayacaq".
"Bu, o deməkdir ki, alternativ energetika və bərpa olunan enerji mənbələri inkişaf etdikcə neft, qaz və daş kömürə olan tələbat aşağı düşəcək. Və dünyanın enerji balansında ənənəvi enerji mənbələrinin xüsusi çəkisi azalacaq. Amma qısa müddətdə neft, qaz və daş kömürü dünyanın enerji balansından silib kənara atmaq məntiqli görünmür. Bu 3 mənbə dünyanın enerji balansında hələ uzun müddət üstün mövqedə olacaq" — Z. Vəliyev vurğulayıb.
Ekspert bildirib ki, 2013-cü ildən sonra Avropa Komissiyası Avropada vahid enerji siyasətinin həyata keçirilməsi ilə bağlı xüsusi bir proqram qəbul edib: "Bu proqramın əsas elementlərindən biri qaz mənbələrinin şaxələndirilməsidir. Eyni zamanda, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafıdır. Bəzi dövlətlər də atom energetikasından istifadəyə üstünlük verir. Məsələn, Fransanın enerji portfelində atom energetikasının xüsusi çəkisi 40 faizdən yuxarıdır".
Azərbaycana gəlincə, ekspert deyib ki, Azərbaycanın neft-qaz ölkəsi olduğuna baxmayaraq, ölkəmizdə də dövlətin enerji təhlükəsizliyini təmin etmək üçün Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi təsis olunub: "Agentlik özünün bir neçə pilot layihələrini həyata keçirir. Agentliyin aktivində olan stansiyaların istehsal etdiyi elektrik enerjisi ümumi enerji balansımızda yüksək çəkiyə malik olmasa da, müəyyən irəliləyişlər var. Məsələn, Pirallahıda günəş elektrik stansiyası qurulub və artıq orada bir neçə sosial obyektlər məhz bu stansiyanın istehsal etdiyi elektrik enerjisi ilə qidalanır. Samuxda aqroenerji kompleksi təsis olunub və s. Ümumiyyətlə, Azərbaycanda həm külək, həm də günəş energetikasının inkişafı üçün çox münbit şərait var".
Onun qənaətincə, gələcəkdə bu sahə inkişaf etdikcə neftə və qaza olan tələbat aşağı düşəcək: "Ona görə də neft və qaz ixrac edən, Azərbaycan daxil olmaqla, digər dövlətlərin də ciddi satış problemləri olacaq".
Enerji məsələləri üzrə ekspert İlham Şaban isə Sputnik Azərbaycan-a açıqlamasında, bu sahədə Avropada ilk yeri Benilüks və Skandinaviya ölkələrinin tutduğunu və bunun, haradasa 40 faizə çatdığını deyib: "Volvo" şirkəti birinci avtokonsern olub ki, 2020-ci ildən etibarən daxili yanma mühərriki ilə avtomobil buraxmayacaq. Almaniyada 2030-cu ildən, Norveçdə isə 2025-ci ildən etibarən daxili yanma mühərriki ilə işləyən avtomobillərin istifadəsi qadağan ediləcək".
"Azərbaycan 2020-ci ildə "Avro-5" standartına keçməyə hazırlaşır. Azərbaycan xammal ölkəsidir və innovativ bir şey tətbiq etmir. 2025-ci ildə "Mercedes", "BMV" və "Audi" şirkətləri sükansız idarəetmə sisteminə keçəcək, yəni, avtomobil saatda 90 kilometr sürətlə hərəkət edəcək, ancaq sürücü olmayacaq. Sürücünün heç bir rolu olmayacaq" — İ. Şaban bildirib.
"Ancaq biz hələ də "at döyən" avtomobillər alırıq. Çünki infrastrukturumuz indiyədək yoxdur. Biz texnoloji baxımdan inkişaf etmiş ölkələrdən çox geri qalırıq. Ötən il Azərbaycanda 23 milyard kilovat-saat elektrik enerjisi hasil edilib. Bunun təqribən 100 milyon kilovat-saatı alternativ enerjinin (günəş panelləri, külək enerjisi, mini hidroelektrik stansiyalar) payına düşür" – deyə ekspert əlavə edib.