BAKI, 2 sentyabr — Sputnik. "Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Abrıx kəndi ətrafındakı Bum meşəbəyliyinin 2 saylı dolayında, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində baş verən yanğının söndürülməsi üçün əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 200-ə yaxın əməkdaşı cəlb olunub".
Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, hazırda yanğınla mübarizə işləri davam etdirilir: "Havanın isti və küləkli olması yanğının söndürülməsində çətinliklər yaradır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları ilə yanaşı ictimaiyyət nümayəndələri də yanğının söndürülməsinə cəlb olunub".
Qurumun məlumatına görə, relyefin mürəkkəb olması yanğının söndürülməsi üçün əraziyə texnikanın qalxmasında çətinliklər yaradır: "Ona görə də, yanğının söndürülməsində, əsasən əl əməyindən istifadə olunur. Hazırda yanğın 80 faiz lokallaşdırılıb".
Nazirliyin məlumatında qeyd olunub ki, yanğının yaranma səbəbi ilkin ehtimala görə ehtiyatsızlıqdır: "Yanğının əsl səbəbi müvafiq qurumlar tərəfindən araşdırılacaq".
Qeyd edək ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin bir helikopteri cəlb olunub.