BAKI, 1 sentyabr — Sputnik. "Türkiyənin dövlət başçısı ilə görüşmək Fransa prezidenti üçün dəyərli olmalıdır, mən belə düşünürəm". Sputnik xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, fransalı həmkarı Emmanuel Makronun "Le Point" jurnalına müsahibəsi zamanı işlətdiyi ifadələrə cavab olaraq deyib.
"Makronun nə demək istədiyini çözmək mənim işim deyil. Onu özündən soruşun. Mənimlə telefonda danışmaq istəyən adamı geri çevirmək istəmədim. Çünki dostlarımın sayını çoxaltmaq, bizə pis baxanların sayını isə azaltmaq istəyirəm" — Ərdoğan deyib.
Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron, yerli jurnallardan birinə müsahibəsi zamanı, dünya lideri olmağın görünüşdə olduğu qədər asan olmadığını deyib. Makron nümunə olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla tez-tez danışmasını göstərib.
"Bildiyiniz kimi, qlobal səhnəyə çıxmaq elə də asan bir şey deyil. Ərdoğanla hər 10 gündə bir danışmağa məcburam" — Makron vurğulayıb.
Fransa prezidenti sonuncu dəfə Ərdoğanla telefonda 27 avqustda danışmışdı. Söhbət zamanı Türkiyədə həbsdə olan fransız jurnalistin məsələsi müzakirə edilmişdi.