BAKI, 30 avqust — Sputnik. Qlobal istiləşmənin hazırkı tempi davam edərsə, Xəzər dənizinin Rusiya hissəsi 75 ildən sonra quruyacaq. Sputnik Azərbaycan Amerika Geofizika Cəmiyyətinə istinadən xəbər verir ki, bu barədə Amerika, Fransa və Rusiya alimlərinin “Geophysical Research Letters” jurnalında dərc etdikləri birgə məqalədə bildirilir.
Alimlər qeyd edirlər ki, 1996-cı ildən 2015-ci ilə qədər hər il Xəzərin səviyyəsi 7 santimetr azalıb. Bu müddət ərzində ümumilikdə dəniz səviyyəsi 1,4 metr düşüb. Bu, hələlik, 1970-ci illərdə qeydə alınan tarixi minimumdan (dəniz səviyyəsindən 29 metr aşağı) 1 metr yuxarıdır. Amma proses davam edir.
Alimlər dənizin quruması prosesinin bundan sonra da davam edəcəyini bildirilər. Quruma özünü daha çox Rusiya və Qazaxıstan sahillərində göstərəcək. Bu ərazinin tam quruması 75 ildən sonraya proqnozlaşdırılır. Əsas səbəb qlobal istiləşmə nəticəsində atmosferin üst qatının hərarətinin artmasıdır (son 30 ildə 1 dərəcə).
Xəzər, 371 min kvadrat kilometr ərazini əhatə edir. 5 dövlətin çıxışı olan dənizdə neft, qaz, duzdan əlavə, dünya nərə balıqları ehtiyatının 90 faizi cəmlənib.