BAKI, 30 avqust — Sputnik. Ermənistan parlamentinin "Avronest" Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvləri Azərbaycana gələcəklər. Sputnik Azərbaycan erməni mətbuatına istinadən xəbər verir ki, sentyabrın 22-də Bakıda "Avronest" PA-nın Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komissiyasının iclası keçiriləcək. İclasda Ermənistanın "Avronest" PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyan da iştirak edəcəklər.
Azərbaycan Milli Məclisinin "Avronest" PA-da nümayəndə heyətindən APA-ya bildirilib ki, nümayəndə heyətinin təşəbbüsü ilə "Avronest" PA çərçivəsində sentyabrın 22-də Azərbaycanda "3 və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq Tərəfdaşlığı Ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu" mövzusunda konfrans keçiriləcək.
Tədbir Azərbaycan Milli Məclisi, "Avronest" PA-nın Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsi, BMT-nin Bakı Ofisi və Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun birgə təşkilatçılığı ilə baş tutacaq.
Tədbirdə Avropa Parlamentinin və "Avronest" PA-nın üzv ölkələrinin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun Parlamentlərarası İttifaqın təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edəcəklər.