İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 30 avqust — Sputnik. Goranboy rayonunun Qaradağlı kəndində ilanlar bir evi 3 ildir əsarətdə saxlayır. 27 il öncə tikilən evin hər yerində sürünənlərə rast gəlinir.
Ev sahibi Şahin Muxtarov bu illər ərzində irili-xırdalı 62 ilan öldürsə də, onların fəalığının qarşısını ala bilməyib. Təhlükəli canlılardan qorunmaq üçün, evin əksər hissələrinə kükürd tökən Muxtarovun bu cəhdi də heç bir nəticə verməyib.
Başına gələnləri Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan kənd sakini, hətta ilanların yataq dəstlərinin üzərinə də çıxdığını bildirib: "3 ildir bu vəziyyətdə yaşayırıq. Hər öldürdükcə, deyirik "daha qurtardı". 3-5 gündən sonra bir də başlayırlar görünməyə".
"İşıq sönəndə heç kim yerindən tərpənmir ki, birdən ayağımızın altda qalar, sancar. İlanlar evin bütün otaqlarına girir. Hətta vanna otağında iki ilan öldürmüşəm" — Ş. Muxtarov deyir.
Əlavə edir ki, bir neçə gün əvvəl bir ilan yataq dəstinin üzərində yatıbmış: "O gündən uşaqlar həmin yataqda yatmırlar, yerlərini dəyişiblər".
Ev sahibi məsələ ilə bağlı rayonun müvafiq qurumlarına müraciətlər edib. Lakin indiyədək heç bir rəsmi qurumdan real addım atılmayıb.