İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 29 avqust — Sputnik. Avqustun 28-də Qəbələ rayonunun Tikanlı və Abrıx kəndləri ərazisində dağlıq massivdə yanğın baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) şimal-qərb yanğından mühafizə idarəsinin əməkdaşları, kənd sakinləri, meşə mühafizəsi və bərpası idarəsinin əməkdaşları və texnika cəlb olunub. Yanğının əsas hissəsi söndürülsə də, hazırda qayalıq və meşə ərazilərində yanğın davam edir.
Analoji hadisə Oğuz rayonun Xaçmaz kəndində də baş verib. Dünən günorta saatlarında baş verən yağının qarşısının alınması istiqamətində işlər gedir. Hazırda ərazidə FHN-in Oğuz rayon üzrə yanğından mühafizə idarəsinin əməkdaşları, kənd sakinləri, meşə mühafizəsi və bərpası idarəsinin əməkdaşları yanğınla mübarizə aparırlar.
FHN də baş verənlərlə bağlı rəsmi açıqlama yayıb. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 28 avqust 2017-ci il tarixində Oğuz rayonunun Xaçmaz kəndində və Qəbələ rayonunun Duruca və Tikanlı kəndlərində meşə zolağında yanğınlar baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, həmçinin Aviasiya dəstəsinin 1 ədəd yanğınsöndürmə helikopteri söndürmə işlərinə cəlb olunub.
Duruca kəndində meşə ağacları və kol-kos 1 ha sahədə yanıb. Yanğın söndürülüb. Qalan ərazilərdə söndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.