İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 29 avqust — Sputnik. Bazarlarda, metro girişlərində, bəzi mağazalarda 2-3 manata kolbasa və sosiska məmulatları satılır. Nəzərə alaq ki, mal-qoyun ətinin kiloqramı 11-14 manat, toyuğun kiloqramı 4-5 manatdır. Bu səbəbdən də, ucuz qiymətə satılan sosiska və kolbasaların nədən hazırlanması sual yaradır.
Nərimanov metrosu yaxınlığında kolbasa satan, amma özünü təqdim etmək istəməyən qadın deyir ki, işlədiyi yerdən kolbasa və sosiskaları ona maaş əvəzi verirlər: "Kolbasa sexində çalışıram. Hamımıza günün sonunda pul əvəzinə bir neçə kiloqram məhsul verirlər. Mən kolbasa yemədiyim üçün satıram. Ucuz satıram ki, alan olsun".
Kolbasa və sosiskanı əksər insanlar sevə-sevə yeyirlər. Amma çox zaman bu məhsulların hansı şəraitdə, necə, nədən hazırlandığı, daşıdığı təhlükə ilə maraqlanmaq yada düşmür.
Mütəxəssislər bildirirlər ki, bəzi sexlərdə kolbasa və sosiska içalat yağları, sinirlər, sinir ətrafından tam olaraq sıyrıla bilməyən çürüntü ət parçaları, quyruq yağı, ağciyər (sosiskanın yumşaq olması üçün), dəri, qığırdaq, oynaq yerləri, iliklər, ayaqlardan hazırlanır və bunu demək xoş olmasa da, tükü təmizlənməyən ət parçaları da bu məhsulların içinə qarışdırılır. Bu qarışıq müxtəlif fabrik əməliyyatları nəticəsində homogen olaraq qablaşdırılır və satışa buraxılır.
Bununla yanaşı, kolbasa və sosiskaların tərkibinə toyuğun "tullantı" hissələrindən də əlavə edilir. Kolbasaya toyuğun sinə əti, dərisi və qığırdaq hissələri qatılır, dad verməsi üçün xüsusi ədviyyatlar vurulur. Kolbasa və sosiskaların içindəki maddələr araşdırılsa, yuxarıda qeyd edilənlər öz təsdiqini tapa bilər. Elə kolbasa və sosiska məmulatlarının qiymətini də 1 kq ətlə müqayisə etmək sadaladıqlarımızın doğru olduğunu sübut edər.
Qida mühəndisi Samir Quliyev Sputnik Azərbaycan-a deyir ki, son zamanlar kiçik sexlərdə kolbasa və sosiska məhsullarının istehsalı artıb. Çox zaman sex sahibləri işçilərə maaş əvəzinə bu məhsullardan verirlər. Onun sözlərinə görə, kolbasa və sosiskanın tərkibini yaxşılaşdırmaq üçün soğan, sarımsaq və müxtəlif ədviyyatlar əlavə olunur.
"Hazır qarışıqda mikrob yaranmasının qarşısını almaq üçün qarışığa nitrit, nitrat kimi xərçəng törədici və sinir sistemini çökdürən, piylənməyə səbəb olan və az da olsa, asılılıq yaradan maddələr əlavə olunur. Quyruq yağı və içalat yağları bədən istiliyində ərimə xüsusiyyəti olan yağlar deyil. İnsan sağlamlığı üçün bu yağlardan istifadə təhlükəlidir. Ancaq kolbasa və sosiska ilə bədənə düşən bu yağlar damar tıxanması və ürək-damar xəstəliklərinə gətirib çıxarır. Bunu bir sosiska qızardılmış tavadakı qalan yağın donma tezliyinə baxaraq daha aydın başa düşmək olar" — ekspert qeyd edir.
Müsahibimiz bildirir ki, kolbasa və sosiska uşaqlar üçün daha təhlükəlidir: "Belə ki, bu qidalar uşaqlarda piylənmə, erkən yetkinlik, görmə qabiliyyətinin zəifləməsi, psixoloji pozuntular, qadınlarda uşaqlıq boynu və döş xərçəngi olma ehtimalını 3 dəfə artırır. Onların ürək xəstəliklərinə səbəb olduğu elmi təcrübələrlə sübut olunub".
S. Quliyevin sözlərinə görə, bütün deyilənlərə rəğmən, kolbasa və sosiska məhsulları almaq istəyirsinizsə, xarici görünüşündə kiflənmə və ya hər-hansı bir problem olmasına fikir verməlisiniz: "Kolbasa və ya sosiskanın qablaşdırılmasında hava boşluğu olmamalıdır. Qoxusu iyrəndirici, kəsilərkən birrəngli olmalıdır. Əgər yediyiniz kolbasa və ya sosiskanın tərkibindəki ətin nə olduğunu bilmək istəyirsinizsə, qaynadaraq baxa bilərsiniz".
"3 yaşına kimi uşaqlara belə qidalar vermək olmaz. Belə ucuz kolbasa və sosiska məhsulları kiçik kafelərə, marketlərə, bazarlara daha tez ayaq açır. Böyük restoranlar və şəbəkəli marketlər belə məhsullara üstünlük vermir. Bununla yanaşı, istehlakçı da alan zaman öz sağlamlığını düşünməlidir. 2 manatlıq kolbasa sağlamlıq üçün nə qədər təhlükəli ola bilər? Bunu da düşünmək lazımdır" — mütəxəssis vurğulayır.
Həmçinin qeyd edək ki, qarışıq ətli kolbasa və sosiskaların yağlılıq nisbəti daha çox olur və buna görə də məhsul ucuz olur.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, ölkədə hazırlanan kolbasalara vurulan ət yerli məhsul deyil. "Ət baha olduğu üçün kolbasa istehsalında yerli məhsullardan istifadə istehsalçıya sərf eləmir. Bu səbəbdən də xarici ölkələrdən gətirilən ətlərdən istifadə edilir. Düzdür, bazarda keyfiyyətsiz kolbasa məhsulları çoxdur".
İddialara görə, hazırda kolbasa və sosiska istehsalında istifadə olunan ətlər Hindistandan gətirilir. Hindistandan ölkəyə camış əti, donuz əti və piyi gətirilir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, kolbasa və sosiska məhsullarının maya dəyərinin ucuz olması ölkəyə gətirilən ət məhsullarının ucuz olması ilə əlaqəlidir: "Xaricdən gətirilən kolbasalar dadlı olsa da, həmin məhsullara uzun müddət keyfiyyətini qorumaq üçün müxtəlif qatqı maddələri vurulur. Kimyəvi maddələr məhsulların ömrünü artırır, amma insan ömrünü qısaldır. Ölü heyvanların əti kq-mı 50 qəpiyə, 1 manata alırlar. Leş ətləri paytaxtda Muğan, Bərdə, Saatlı, Sabirabad, Masallı zonasından daxil olur. Bu kimi tərkibli məhsullar bazara çıxarılan zaman çox ucuz qiymətə satılır".
Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanovun sözlərinə görə, kolbasaların içində ət olmur. Müsahibimiz bildirir ki, bəzi işbazlar "Halal" adı altında dindar insanları aldadırlar. Bir çox ölkələrdən, eləcə də Rusiyadan gətirilən kolbasaların tərkibində ət olmur: "Rusiyanın bir çox ciddi jurnalları araşdırmalarını təqdim edib. Bildirilir ki, bu gün heç bir kolbasaya ət vurulmur. Rusiya kolbasalarına süni ət vurulur. Bu da quş peyini, pivə jmıxı və neft parafinindən mikrobioloji yolla alınır. Və sonra dadlandırıcılar və rəngləndirici maddələr əlavə edilir. Burada quş peyini var və bu haramdır".
Əmiraslanov deyir ki, ən sağlam, təmiz kolbasa belə təzə ətin yerini vermir. Ətdən kolbasa düzəltmək ənənəsi isə qədim dövrlərə təsadüf edir. Belə ki, qədim dövrlərdə soyuducular olmadığı üçün əti saxlamaq məqsədilə onu heyvanın şirin bağırsağına doldurub qaxac edirdilər: "Ət istehsalatdan keçdisə, qida dəyəri düşür. İnsanların kolbasa yeməsinin səbəbini anlaya bilmirəm".