BAKI, 27 avgust — Sputnik. N saylı hərbi hissənin silah anbarında baş vermiş partlayış nəticəsində 6 nəfər yaralanıb. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.
Onun sözlərinə görə, xəsarətlərin hamısı qəlpə yaraları ilə bağlıdır: "Yaralılar Siyəzən Diaqnostika Mərkəzinə aparılıb. Onların yaraları yüngüldür. Yaralılara tibbi yardım göstərilməsinə başlanılıb".
İndiyə verilən məlumata görə, hadisə nəticəsində həlak olan yoxdur.
Xatırladaq ki, bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın baş verib. Nəticədə ərazidə partlama müşahidə olunub.
Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisənin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir.