BAKI, 27 avqust — Sputnik. Bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın baş verib. Nəticədə ərazidə partlama müşahidə olunub.
Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisənin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir. İndiyə olan məlumata görə həlak olan və xəsarət alan yoxdur.
Hərbi hissənin silah anbarında baş vermiş partlayışla əlaqədar hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov məlumat verib.
Baş həkim qeyd edib ki, partlayışla müşayiət olunan yanğın davam etdiyindən təcili yardım maşınları əraziyə buraxılmır. Hadisə nəticəsində yaralıların olduğu barədə məlumat daxil olduğunu deyən M. Cəlalov ehtiyac yaranacağı təqdirdə əraziyə əlavə briqadalar göndəriləcəyini bildirib.
Məlumata görə, hadisəyə yaxın yaşayış məntəqələrindən əhali evakuasiya olunur.