BAKI, 27 avqust — Sputnik. Avqustun 27-də səhər saat 09.00 radələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində naməlum səbəbdən baş vermiş yanğın nəticəsində həmin hərbi hissənin utilləşmə üçün hazırlanmış silah-sursat anbarında partlayışlar baş verib.
Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısının tapşırığına əsasən, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılıb.
Baş vermiş hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, istintaq-əməliyyat qrupu digər qurumlarla əlaqəli istintaq-əməliyyat tədbirlərini həyata keçirirlər.