BAKI, 27 avqust — Sputnik. ABŞ-ın Duk Universitetinin alimləri infarkt və ya iflic təhlükəsinə qarşı istifadə edilən qanda xolestrolazaldıcı dərmanların tif, xlamidia, malyariya kimi yoluxucu xəstəliklərə qarşı orqanizmi qoruya biləcəyini bildiriblər. AZƏRTAC "Proceedings of the National Academy of Science" jurnalına istinadla xəbər verir ki, xolestrol səviyyəsinə təsir edən gen variasiyası tif xəstəliyinə tutuma riskini artıtır.
Elm adamları sağlam fərdlərdən alınan yüzlərlə hüceyrə xəttini yaşıl fluoressensiya ilə işarələnmiş eyni miqdarda tifoid mikroblarına məruz qoyublar. Daha sonra bakteriya miqdarının daha yüksək olduğu hüceyrələri daha az olduğu hüceyrələrdən ayıran genetik müxtəliflikləri axtaran tədqiqatçılar VAC14 adlanan bir gendə tapılan tək DNT nükleotidinin hüceyrələrdəki bakteriya səviyyəsi ilə əlaqəli oduğunu təsbit ediblər.
Bu genin deaktiv edildiyi zaman elm adamları hüceyrələrin tifoid mikrobu tərəfindən daha asan "zəbt edildiyini" və mikrobameyilli hüceyrələrin mikrobun əsas hüceyrələrlə əlaqə yaradarkən istifadə etdiyi hüceyrə membranlarının daha çox xolesterol ehtiva etdiyini tapıblar.
Növbəti addımda bu meylin necə aradan qaldırıla bilməsini öyrənmək üçün zebra balığının suyuna xolesterolu endirən bir dərman əlavə edilib və sonra tifoid mikrobu balıqların orqanizminə yeridilib. Məlum olub ki, xolesterol səviyyəsini düşürən dərman qəbul edən balıqların orqanizmləri tifoid bakteriyalarından daha asanlıqla təmizlənib.