BAKI, 26 avqust — Sputnik. Avropa Komissiyasının büdcə və insan qaynaqları üzrə komissarı Günther Oettinger, Avropa İttifaqına (Aİ) üzv ölkələri, miqrantlara yardım etmək üçün Türkiyəyə vəd edilən vəsaiti ödəməyə çağırıb. Sputnik Azərbaycan "Sabah"a istinadla xəbər verir ki, o, Türkiyə ilə Avropa İttifaqı arasında miqrantlarla bağlı əldə edilən razılaşma çərçivəsində, İttifaq ölkələri tərəfindən vəd edilən pulun ödənilməsinin vacib olduğunu bildirib.
Oettinger 2018-ci il üçün Avropa Komissiyası büdcəsindən Türkiyəyə 300 milyon avronun ayrıldığını ifadə edərək, geri qalan 2 milyard 700 milyon avronu isə Aİ-yə üzv ölkələrin ödəməli olduğunu vurğulayıb.
Bildirilir ki, bu məsələ Almaniyadakı koalisiya hökuməti daxilində fikir ayrılıqlarına gətirib çıxarıb. Belə ki, Almaniyanın XİN başçısı bu vəsaitin ödənilməməsi üçün yollar axtarmalı olduqlarını bildirsə də, Baş nazir Angela Merkelin Türkiyənin haqqının ödənilməsindən yana olduğunu ifadə edib.
Xatırladaq ki, Avropa İttifaqı ölkələri 2016-ci ildə Türkiyəyə 3 il ərzində hər il 3 milyard avro verməyi vəd etsə də, Türkiyə indiyədək ilk 3 milyard avroluq hissəni belə, ala bilməyib.