İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 26 avqust — Sputnik. Qəbələ rayonunda 5-ci Beynəlnxalq Mürəbbə Festivalı keçirilib. Dünyada ilk dəfə Azərbaycanın Qəbələ şəhərində təşkil edilən bu mötəbər festivalda, bu il 22 xarici ölkənin kulinarları ilə yanaşı, ölkəmizin 44 rayon və şəhərindən 800-ə yaxın iştirakçı, eləcə də mədəniyyət və incəsənət xadimləri, üç mindən çox yerli və xarici turist iştirak edib.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, festivalın qalibləri rayon icra hakimiyyətinin xüsusi mükafatlarına layiq görülüblər. İştirak edən şirniyatçılar, burada ən gözəl əl işlərini sərgiləməklə yanaşı, satış yarmarkası da təşkil ediblər.
Azərbaycan milli mətbəxinin dünya arenasına çıxarılması, xüsusən mürəbbələrin tanıdılmasında belə festivalların əhəmiyyəti diqqətə çatdırıb. Eyni zamanda, bu sahənin inkişaf etdirilməsi, istər fərdi şəxslərin, istərsə də sahibkarların öz məhsullarını bazarlara çıxarması üçün geniş imkanlar yaradıldığı bildirilib. Rayon rəhbərliyi və festivalın münsiflər heyətinin üzvləri əvvəlcə hər rayonun şirniyyatçılarının hazırladıqları süfrələrə yaxınlaşaraq, samovar çayı ilə müxtəlif çeşiddə olan mürəbbələrin dadına baxıblar.
Ölkəmizin mədəniyyətini və milli kulinariyasını təbliğ etmək məqsədi ilə 5-ci dəfədir ki, keçirilən Qəbələ Beynəlxalq Mürəbbə Festivalına qatılan rayonların hər birindən bir neçə çeşiddə mürəbbə hazırlayan kulinarlar, habelə həmin şəhər və rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti ustaları iştirak ediblər. Tədbirə qatılan xarici iştirakçılar festivalın yüksək səviyyədə hazırlandığını, ölkəmizin turizm sektorunun və milli-mətbəxinin tanıdılmasında əvəzsiz rol oynadığını bildiriblər.
Festival çərçivəsində, həmçinin təqdim edilən mürəbbələrin keyfiyyət və kəmiyyət baxımından yarışı təşkil olunub. Bunun üçün xüsusi komissiya yaradılıb. İştirakçılar müsabiqəyə gilas, böyürtkən, çiyələk, heyva, qoz, ərik, gül və gavalı mürəbbələri təqdim ediblər. Festivala qatılan xarici ölkələrin kulinarları Qəbələnin Azərbaycanın turizm mərkəzi olmaqla yanaşı həm də kulinariya mərkəzi kimi töhfə verdiyini deyib, onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər.
Beynəlxalq festival çərçivəsində xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-yarmarkalar, həmçinin respublikanın müxtəlif bölgələrini təmsil edən bədii kollektivlərin çıxışları da təşkil edilib. Münsiflərin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayan şəxslər 3 nominasiya üzrə qalib elan olunublar.
Tədbirdə Ümumdünya Kulinariya Təşkilatının (WAKS) prezidenti Tomas Guglerin də iştirak edib. Festival maraqlı konsert proqramı ilə davam etdirilib.