BAKI, 26 avqust — Sputnik. ABŞ prezidenti Donald Tramp hər an istefa verə bilər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, belə bir iddia ilə "Newsweek" jurnalı çıxış edib. "Foreign Policy" nəşri isə Trampa qarşı hərbi çevriliş ola biləcəyi iddia edib.
ABŞ prezidenti Donald Trampın hər an istefa verə biləcəyinə dair iddialar çoxalır. ABŞ-ın siyasi analitiki Keith Olberman istefanın hər an ola biləcəyini bildirib. Olberman "Qısa bir müddət içərisində Trampın prezidentliyinin sona çatacağını düşünürəm" deyib.
Keçdiyimiz günlərdə məşhur amerikalı yazıçı Tony Schwartz da bu haqda iddia səsləndirib: "Tramp bu ilin sonuna qədər vəzifədə qalsa, təəccüblənərəm. Payızda, bəlkə də daha tez istefa verə bilər".
"Foreign Policy" jurnalında məqaləsi dərc olunan, Corctaun Universitetinin professoru Rosa Brooks da Trampın vəzifəsindən necə gedə biləcəyinə dair ehtimallarını qələmə almışdı. Brooks ehtimallar arasında hərbi çevrilişin ola biləcəyini də qeyd edib.