BAKI, 25 avqust — Sputnik. Çin sahillərində baş verən tufan 9 nəfərin ölümünə və 150 nəfərdən çox insanın yaralanmasına səbəb olub. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hazırda Makau şəhərində yüz minlərlə insanın həyatı təhlükə altındadır, 1 milyon 100 min evin elektrik enerjisi kəsilib.
Honk Konqdan Guandonq əyalətinə doğru irəliləyən tufan nəticəsində yüzlərlə insan itkin düşüb. Hazırda xialetmə qrupları avtomobillərdə qalıb batan şəxslərin axtarışı ilə məşğuldur.
Saatda 200 kilometr surətlə irəliləyən fırtına səbəbindən, məktəblər və rəsmi idarələr bağlanıb. Yüzlərlə təyyarə, Qatar reysləri dayandırılıb. Balıqçı gəmiləri sahilə qayıdıb.
Xatırladaq ki, fırtınanın daha çox zərər verdiyi Makau şəhərində 600 min insan yaşayır. Makau valisi fırtınanın 1968-ci ildən bu günə qədər müşahidə edilən ən güclü fırtına olduğunu bildirib.
Valinin sözlərinə görə, fırtına baş verən ərazilərdən 10 minlərlə insan təxliyə edilib. Böyük bir əraziyə su və elektrik enerjisi verilmir.