Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

ABŞ-ın "kürd planı"na qarşı tarixi ittifaq

© AFP 2024 / BERK OZKAN Rəcəb Tayyip Ərdoğan və Həsən Ruhani. İstanbul, 14 aprel 2016-cı il
Rəcəb Tayyip Ərdoğan və Həsən Ruhani. İstanbul, 14 aprel 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Vaşinqtonun təhlükəli ssenarisi əzəli rəqibləri eyni cəbhədə birləşdirir

BAKI, 24 avqust — Sputnik. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Bakırinin Ankaraya səfərinin detalları barədə xəbər vermişdik. Generalın 3 günlük səfərinin sonunda bəlli olub ki, iki dövlət PKK terror təşkilatının İraqdakı mövqelərinə yönəlik birgə hərbi əməliyyat barədə plan hazırlayır.

İran tərəfdən gələn təklif Türkiyə üçün sürpriz olub. Çünki rəsmi Tehranın PKK ilə 1996-cı ildən bu yana, açıq şəkildə olmasa da, üstüörtülü əlaqələri var idi. Ankaranın narahatlığına baxmayaraq, Tehran PKK məsələsində ciddi tədbir görməkdən boyun qaçırırdı.

Bu dəfə isə vəziyyət tamamilə fərqlidir. Amerika Birləşmiş Ştatlarının PKK-nı bölgədə özünə tərəfdaş seçməsi, terrorçulara ağır silahlar göndərməsi İranı təcili hərəkətə keçirib. Çünki Tehran həmin Amerika silahlarının bir gün İrana da tuşlana biləcəyindən çəkinir.

© Sputnik / Murad OrujovToğrul İsmayıl
Toğrul İsmayıl - Sputnik Azərbaycan
Toğrul İsmayıl

İranlı general Bakıri Türkiyənin Baş Qərargah rəisi Hulusi Akara əməliyyat planını da təqdim edib. Həmin plana əsasən, iki ölkənin quru və hava qoşunları 9 istiqamətdən PKK-nın İraqın şimalındakı mövqelərinə hücum edəcək. Türkiyə tərəfli təklifi müsbət qarşılayıb.

Mövzunu Sputnik Azərbaycan-a Türkiyənin TOBB İqtisadiyyat və Texnologiya Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Toğrul İsmayıl şərh edib: O bildirib ki, Türkiyə-İran münasibətlərini rəqabət içində əməkdaşlıq kimi dəyərləndirmək lazımdır.

"Əslində, bu, normal haldır. Çünki bölgənin iki güclü dövləti yerləşdiyi regiona hakim olmaq istəyirsə, öz siyasətlərini həyata keçirməyə çalışır. Xüsusilə İran bu məsələdə daha çox canfəşanlıq edir. Bu nöqteyi-nəzərdən Tehranın cürbəcür variantlara əl atması başa düşüləndir" — T. İsmayıl deyib.

Bnunla belə, siyasi şərhçinin fikrincə, bəzən elə bir zaman gəlir ki, dövlətlərin təhlükə ilə üz-üzə qalması riski meydana çıxır: "Belə olan halda, bölgənin güclü dövlətləri öz ərazi bütövlüklərinə risk yaradacaq faktorlardan qorunmaq üçün əməkdaşlıq edir. Yəni regionda kənar qüvvələrin təsirilə dövlət qurulmasına cəhd edilməsi həm İranın, həm də Türkiyənin siyasi maraqlarına ziddir. Bu mənada, Ankara ilə Tehranın yaxınlaşması anlaşılandır".

Toğrul İsmayıl, İranla Türkiyənin PKK-ya qarşı ehtimal olunan birgə hərbi əməliyyatına ABŞ-ın mümkün reaksiyası barədə də danışıb: "Amerika PKK-nın qolu hesab edilən PYD-yə açıq dəstək verir. Yəni, bu, gizli bir şey deyil. Vaşinqton bunu Yaxın Şərqdə öz mövqeyini daha da gücləndirmək üçün edir. Ona görə də, İran və Türkiyənin PKK-ya qarşı birgə hərbi əməliyyata başlamaq arzusu, ABŞ-ın ümumi maraqlarına ziddir".

"Amerikalıların PYD-yə ciddi dəstək verməsi bölgə ölkələrinin, İran və Türkiyənin maraqlarına ciddi təsir edir. Ona görə də, hər iki dövlət, nəticəsi nə olur-olsun, buna sərt şəkildə reaksiya göstərəcək. Yəni, hərbi əməliyyat ehtimalı olduqca yüksəkdir. Yaxud da, ABŞ məsələnin ciddiliyini anlayıb öz mövqeyindən geri çəkilməli olacaq" — professor vurğulayıb.

"Üstəlik, burda söhbət tək İran və Türkiyədən də getmir. Gəlin görək İraq və Suriya öz ərazilərində kürd dövləti yaradılmasına dəstək verirmi? Buna da baxmaq lazımdır. Yəni, bütövlükdə region bu prosesə qarşı çıxır. Bu, onu göstərir ki, bir-birinə rəqib olan region ölkələri böyük təhdid qarşısında bir araya gələ bilir" — o, əlavə edib.

Türkiyəli politoloq Güngör Gökdağ isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ABŞ Yaxın Şərqdə yaranan hakimiyyət boşluqlarını terror təşkilatları ilə doldurur və onlara ağır silahlar verərək ordu halına gətirir: "İran ordusunun Baş Qərargah rəisi Məhəmməd Bakıri Türkiyəyə 3 günlük səfərə gəldi. Səfərin sonunda PKK terror təşkilatının İraqın şimalındakı mövqelərinə qarşı iki ölkənin birgə hərbi əməliyyat gerçəkləşdirə biləcəyi yönündə razılıq əldə olundu. Prezident Rəcəb Tayyib Ərdoğan da, İordaniyaya səfər öncəsi jurnalistlərə açıqlamasında belə bir əməliyyatın mümkün ola biləcəyini qeyd etdi".

© Photo : Güngör Gökdağ şəxsi arxivindənSiyasi şərhçi Güngör Gökdağ
Siyasi şərhçi Güngör Gökdağ - Sputnik Azərbaycan
Siyasi şərhçi Güngör Gökdağ

"Olduqca həssas bölgə olan Yaxın Şərqdə yaranan hakimiyyət boşluqlarını Amerika terror təşkilatları ilə doldurur. Daha sonra bu terror təşkilatlarına ağır silahlar verilərək, onları ordu halına gətirilir. PKK-nın Suriya qolu olan PYD-yə verilən müasir silahlar göz qabağındadır. İran özü də çox yaxşı bilir ki, o silahlar nə vaxtsa onları da təhdid edəcək. Çünki PKK-nın İranda da qolu var. Və onlar orada PJAK adı altında fəaliyyət göstərirlər" — Gökdağ söyləyib.

Politoloq hesab edir ki, əgər Vaşinqton İŞİD-ə qarşı mübarizədə Türkiyənin terrorçu saydığı PKK ilə ittifaqa girirsə, o zaman Türkiyə və İranın PKK terroruna qarşı birgə hərbi əməliyyat keçirməsi məntiqlidir: "Ankara ilə Tehranı ortaq maraqlar birləşdirir. Və bu, tam normaldır. Əslində, iki ölkə birgə əməliyyat planı ilə Vaşinqtona da mesaj verir. Yəni bölgədə terror dövləti qurulmasına imkan verilməyəcəyini ABŞ-a ən sərt formada çatdırırlar".

Xəbər lenti
0