BAKI, 24 avqust — Sputnik. Yeni dərs ilinin başlanmasına az qalıb və paytaxtda sakinlərə məktəb ləvazimatları təklif edən yarmarkalar açılıb.
Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və xidmət departamenti dərs ili ərəfəsində “Elmlər akademiyası”, “28 may”, “İnşaatçılar”, “Nəriman Nərimanov”, “Koroğlu”, “Neftçilər” və “Xalqlar dostluğu” metro stansiyalarının qarşısında məktəb üçün lazım olan ləvazimatlar satılan mövsümi yarmarkalar təşkil edib.
Ümumilikdə, paytaxtda 10 belə çadır yarmarkasının təşkil olunması planlaşdırılır. Bu yarmarkalar 25 sentyabradək fəaliyyət göstərəcək.
Yarmarkalarda məktəblilərə ilk növbədə lazım olan dərs ləvazimatları təklif edilir: kitablar, dəftərlər, qələmlər, məktəb çantaları, karandaşlar və sair. Sputnik Azərbaycan-ın yarmarkada söhbət etdiyi satıcıların dediyinə görə, burada qiymətlər xüsusi məktəb ləvazimatı dükanlarındakından daha aşağıdır.
“28 may” stansiyasının yaxınlığındakı yarmarkanın satıcısı Anar Əzimov qeyd edir ki, buradakı məktəb çantaları dükanlardakından 3-4 manat ucuzdur. Yarmarkada dəftərxana ləvazimatı daha ucuz olsa da, dükanlarla fərq böyük deyil. Amma Əzimov dediyi kimi, bir neçə ləvazimat alanda, alıcı xeyli qənaət etmiş olur.
Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və xidmət departamentinin nümayəndələri qeyd edir ki, yarmarkalar və orada təqdim edilən qiymətlər vahid bir mərkəzdən idarə olunacaq. Onların dediyinə görə, bu yarmarkalar məktəb ləvazimatlarının qanunsuz küçə satışının qarşısını almaq və istehlakçılara daha keyfiyyətli xidmət göstərmək məqsədilə təşkil edilib.