BAKI, 23 avqust — Sputnik. İspaniyanın “Barselona” klubu, keçmiş futbolçusu Neymarı məhkəməyə verib. Buna səbəb ulduz oyunçunun klubu ilə olan müqavilə şərtlərini pozmasıdır.
“Barselona” klubundan verilən açıqlamada deyilir ki, Neymarın klubla olan müqaviləsinə görə, futbolçu komandanı tərk etdiyi halda bonusla əlaqəli maddələr qarşılığında 8.5 milyon avro ödəməlidir. Futbolçu isə bu məbləği ödəməkdən yayınıb.
Sputnik Türkiyə xəbər verir ki, ispan klubu həmin məbləği geri ala bilmək üçün bütün hüquqi yollara əl atacağını bildirib.
Xatırladaq ki, Braziliya əsilli ulduz futbolçu Neymar da Silva, “Barselona”nın bütün israrlarına baxmayaraq, iki həftə əvvəl 222 milyon avro qarşılığında Fransanın PSG klubuna transfer olmuşdu.