CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daxili Qoşunların hərbçisinin 4 illik cəhənnəm əzabları

© Sputnik / Irade JELILNamiq İsayev
Namiq İsayev - Sputnik Azərbaycan
Abunə olmaq
Hərbçinin ailəsinə Prezidentdən yardım istəyir: "Başqa çarəmiz qalmayıb..."

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 23 avqust — Sputnik. 2013-cü il may ayının 18-i, səhər saat 07:45 radələri… Həmin gün çox adi gün idi Namiq üçün. Hər günkü gün idi. Həmin səhər yuxudan oyananda ağlına belə, gəlmirdi ki, 18 may onun həyatını alt-üst edəcək. Amma…

Hər şey birdən olur. Səhər tezdən Bakı-Quba avtomobil yolunun 185-ci km-də dəhşətli qəza baş verir. Göy-Göl sakini Əliyev Seymur Tələt oğlunun idarə etdiyi, hərbçiləri daşıyan "RAF" markalı, 10-EX-294 dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq ağaca çırpılır. Qəza nəticəsində 5 nəfər ölür və 6 hərbçi ağır yaralanır. Yaralananlar arasında Namiq İsayev də olur. Gəncin bütün arzuları ürəyində qalır…

Atası Qəhrəman İsayev bildirir ki, Namiq uşaqlıqdan hərbçi olmaq istəyirmiş. Elə buna görə də öz üzərində işləyirmiş: "Ata məni vətən çağırır. Mən hərbçi olmaq üçün doğulmuşam" deyirdi. Qubada hərbi hissədə hamı başına and içirdi. Namiq tufeyli həyatı sevməyən, diqqətcil, çalışqan bir oğul idi. Anası da, mən də belə bir övladımızın olduğu üçün fəxr edirdik…"

© Photo : İsayevlər ailəsinin şəxsi arxiviNamiq İsayev (soldan birinci) hərbi xidmət illərində
Namiq İsayev (soldan birinci) hərbi xidmət illərində  - Sputnik Azərbaycan
Namiq İsayev (soldan birinci) hərbi xidmət illərində

Namiq İsayev 1990-cı ildə dünyaya gəlib. Valideynləri deyirlər ki, o, elə uşaqlıqdan digər həmyaşıdlarından fərqlənib, idmana maraq göstərib, boksla məşğul olub. Hərbi xidmətini başa vurduqdan sonra, 2011-ci ildə yenidən Daxili Qoşunların Quba rayonunda yerləşən hərbi hissəsində xidmət etməyə başlayıb.

Anası Məlahət xanımın sözlərinə görə, qəza zamanı Namiq ağır xəsarət alıb: "Həkimlər deyirdilər ki, ağır kəllə-beyin travması alıb. Deyirdilər ki, elə belə də qalacaq. "Onun yenidən özünə gəlməsi üçün 5-6 il lazımdır", deyirdilər. Mən isə inana bilmirdim. Elə bilirdim, tezliklə sağalıb ayağa qalxacaq".

"8 ay xəstəxanada qaldı. Mən də yanında qalırdım. Başının üstündə Allaha yalvarır, balamın tez sağalması üçün dua edirdim. Elə qorxurdum ki, onu itirərəm deyə" — dərdli ana danışır.

Sonra Namiq xəstəxanadan buraxılır. Elə Məlahət ananın da ağrılı günləri bundan sonra başlayır: "Bütün nəyimiz vardı, satıb Namiqin ayağa qalxması üçün xərclədik. Uşaq taxta kimi idi. Nə hərəkət edə bilirdi, nə də deyilənləri başa düşürdü. Nəsrəddin Tusi adına kinikada həkim Angelsin müalicəsi ilə Namiq bir qədər özünə gəldi. Bu müalicə bizə 28 min manata başa gəldi. İlk iki ayı 5 min manatdan verdik. Angels həkim deyirdi ki, müalicə davam etsə, Namiq ayağa qalxa bilər. Amma müalicəni davam etdirməyə imkanımız olmadı".

Məlahət xanım 4 ildir Namiqin başı üstündən çəkilmir: "Səhərim Namiqlə açılır, gecəm Namiqlə bitir. Mənsiz qala bilmir. Məni görməyəndə özünü çırpır. Ayağa qalxmaq istəyir, bacarmır, əsəbləşir. Məndən başqa kim bacarmır onunla".

Anası onu körpə uşaq kimi əzizləyir: "Canım oğlum, şirin oğlum". Namiq isə məsum uşaqlar kimi gülümsəyir. Anası deyir ki, hər şeyi başa düşür, sadəcə danışa bilmir, fikirlərini deyə bilmir.

© Sputnik / Irade JELILNamiq atası Qəhrəman İsayevlə
Namiq atası Qəhrəman İsayevlə - Sputnik Azərbaycan
Namiq atası Qəhrəman İsayevlə

Namiqin atası Qəhrəman kişini qəhər boğur, gözləri dolur: "Bəzən əsəbiləşib üstünə qışqırıram. Danışa bilmir, cavab verə bilmir. Baxıram, gözlərindən yaş süzülür. Ürəyim əriyir. Peşman oluram, özümü danlayıram ki, kaş dilim tutulsun, Namiqə heç nə deyə bilməyim".

Qəhrəman İsayev bildirir ki, Namiqin müalicəsi üçün 50 min manat lazımdır: "Rusiyada həkimlər var, danışmışıq, deyirlər 50 minə onu ayağa qaldırmaq mümkündür. Mən Namiqi Tehrana da aparmışam. Dedilər müalicəsi var, amma bahadır".

"İnanın Allaha hər şeyimi satmışam. İndi qardaşımın evində yaşayıram. Bakıxanovda evimi, avtomobillərimi, mal-qaramı satmışam. Hamısını Namiqin ayağa qalxa bilməsi üçün xərcləmişəm. Bura qədər edə bilmişəm. Hərəkət edə bilir, başa düşür, gülümsünür, ağlaya bilir. Qoluna girəndə addım ata bilir, bircə gəzməyi qalıb. Heç nə istəmirəm, bircə ayağa qalxıb özünü idarə edə bilsin, yetər" — ata danışır.

Namiqə hərbçi olduğu dövrdə çəkdirdiyi şəkilləri göstərirəm, əlimdən alıb diqqətlə baxır. Gözündə yaş gilələnir, boğazı qəhərlənir…

Namiq İsayevin valideynləri deyirlər ki, onun müalicəsi üçün lazım olan pulu ödəməyə imkanları yoxdur. Buna görə də dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, müraciətləri cavabsız qalıb. 27 yaşlı gəncin valideynləri saytımız vasitəsilə Prezident İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban Əliyevadan yardım istəyirlər: "Başqa döyəcək qapımız qalmayıb. Namiq Daxili Qoşunlarda xidmət edib. 18 may 2013-cü ildə işə gedərkən Quba yolunda qəzaya düşüb. Yoldaşlarından 5 nəfəri ölüb, bir neçəsi ağır yaralanıb. Namiq isə 4 ildir ki, yataq xəstəsidir. Çox xahiş edirik ki, Namiqin yenidən ayağa qalxa bilməsi üçün lazım olan səhiyyə tədbirlərinin həyata keçirilıməsinə yardım etsinlər. Bizim buna çox ehtiyacımız var…"

Qeyd edək ki, Namiq İsayevin əməliyyat edilərək yenidən ayağa qalxması üçün 50 min manat lazımdır. Yadım etmək istəyən şəxslər, redaksiyamızdan əlaqə nömrəsi ala bilərlər.

Xəbər lenti
0