Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 22 avqust — Sputnik. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 10 mlrd. 522 mln. 054,35 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya əsasən, bu, ötən ilin müvafiq dövrünə nisbətən 6,93% azdır.
Bu ilin yeddi ayı ərzində idxal əməliyyatları 4 mlrd. 369 mln. 692,31 min dollar olub ki, bu da 2016-cı ilin 7 ayı ilə müqayisədə 8,17% azdır. Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 6 mlrd. 152 mln. 362,04 min dollar olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 6,03% azalıb. Nəticədə 1 mlrd. 782 mln. 669,73 min dollar məbləğində müsbət saldo yaranıb.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında, idxalda azalmanın gözlənilən olduğunu deyib: "Çünki idxalın əvəzlənməsi prosesi var. Bu, nəticə etibarı ilə ümumi idxalın həcminə təsir göstərir".
Onun sözlərinə görə, məqsəd ondan ibarətdir ki, idxalın əvəzlənməsinə nail olmaq mümkün olsun: "Nəticə etibarı ilə əslində prioritet də ondan ibarətdir ki, məhz idxalın əvəzlənməsi prosesi davam etsin. Bu baxımdan düşünürəm ki, idxalın azaldılması gözlənilən idi və eyni zamanda, vacibdir. Çünki, idxalın əvəzlənməsi valyutanın ölkədə qalması baxımından vacibdir".
"İxracatda neftin qiyməti çox önəmlidir. Neftin qiyməti birbaşa Azərbaycan ixracatına təsir göstərir. Azərbaycan ixracatının yenə 90 faizə yaxınını neft və neft məhsulları təşkil edir. Qeyri-neft sektorunun ixrac imkanlarının genişlənməsi prioritetdir. Amma bu, zaman tələb edir və bunun mərhələli şəkildə həyata keçirilməsi mümkündür" — Bayramov əlavə edib.
İqtisadçının sözlərinə görə, dünyada elə bir təcrübə də yoxdur ki, hansısa ölkə qeyri-xammal ixracatını qısa zamanda artıra bilsin: "O baxımdan bu proses mərhələlidir. Növbəti dövrlərdə də, bütövlükdə, 2020-ci ilədək ixracatda neftin payının çox olacağını proqnozlaşdırırıq. Və neftin qiyməti birbaşa ixracın həcminə təsir göstərəcək. Ona görə neftin qiyməti birbaşa ümumi ixracata təsir göstərir".
Ekspert burada mövsümi faktorların çox vacib olduğuna diqqət çəkir: "Çünki Azərbaycanın qeyri-neft ixracatının, təxminən 60 faizinə yaxını aqrar məhsullar təşkil edir. Bu da birbaşa mövsümi faktorlara, eyni zamanda, bazara çıxış imkanlarına bağlıdır. Çünki Azərbaycanın aqrar ixracatının 90 faizi Rusiya bazarının payına düşür. Ona görə, qeyri-neft ixracatında mövsümi faktorlar birbaşa ümumi ixracatın həcminə təsir göstərir. Amma yenə neftin dünya bazar qiyməti önəmlidir. Neftin dünya bazar qiyməti ümumi ixracatın həcmini müəyyənləşdirən faktordur".
İqtisadçı-ekspert Cəfər İbrahimli isə Sputnik Azərbaycan-a açıqlamasında, idxal əməliyyatlarının həcminin azalmağa davam etməsinin əsasən iki səbəbi olduğunu deyib: "Birincisi infrastruktur investisiyaları dövlət büdcəsinin azaldılması çərçivəsində kəskin azalıb, ikincisi isə daxildə olan istehsal ixracın əvəzlənməsinə yönəlib. İxracın azalması isə neftin son bir ildə ciddi qiymət dəyişikliyi olmağını nəzərə alsaq, bunun neft hasilatının azalması ilə əlaqəli olduğunu deməyə əsas verir. Qeyri-neft sektorunun ixracı bunu kompensasiya edə bilmir. Ümumilikdə isə ticarət dövriyyəsinin mütəmadi azalması iqtisadiyyatın böyüməsi, inkişafı və modernizasiyası baxımından müsbət gələcək vəd etmir".