BAKI, 21 avqust — Sputnik. Rusiyadakı ABŞ səfirliyi, avqustun 23-dən etibarən bütün ölkə üzrə qeyri-immiqrasiya vizalarının verilməsini dayandıracaq. Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
"Rusiya Federasiyasının ABŞ-ın ölkədəki diplomatik missiyasının əməkdaşlarının sayını azaltmaq qərarı səbəbilə, avqustun 23-dən başlayaraq bütün Rusiya ərazisində qeyr-immiqrasiya vizalarının verilməsi dayandırılacaq" – səfirlikdən bildirilib.
Xatırladaq ki, iyulun 30-da Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Rusiyadakı diplomatlarının sayının 455 nəfərədək azaldılması haqda sərəncam imzalamışdı. Bu tədbirlər Vaşinqtonun Rusiya əleyhinə sanksiyalar qəbul etməsi və 2017-ci il ərəfəsində rusiyalı diplomatların ölkədən çıxarılmasına cavab olaraq görülüb.