BAKI, 21 avgust — Sputnik. Azərbaycan Tibb Universitetində (ATU) yeni tələbələrin qeydiyyatı prosesi davam edir. Bu barədə Sputnik Azərbaycan-a ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova məlumat verib.
Onun sözlərinə görə, abituriyentlərin rahatlığı üçün qeydiyyat prosedurunda lazım olan sənədlərin siyahısı əvvəlcədən ATU-nun saytına yerləşdirilib: "Buna baxmayaraq, bəzi tələbələrin sənədlərində çatışmazlıqlar aşkarlanır. ATU-da yaradılmış ciddi nəzarət sayəsində bu cür məsələlərin yoluna qoyulmasında tələbə adını qazanmış abituriyentlər və onların valideynlərinə lazımi məsləhətləri verir".
"Bu gün ATU-nun rektoru, professor Gəray Gəraybəyli də universitetə qeydiyyat prosesinin gedişi ilə tanış olub. Abituriyentlər və valideynləri ilə söhbət zamanı Gəray Gəraybəyli, proses zamanı hansısa çətinliklərin yaranıb-yaranmadığı ilə maraqlanıb. Rektor qeydiyyat prosesinin daha da sürətləndirilməsi üçün müvafiq məsləhətlərini verib" — Aslanova bildirib.
Qeyd edək ki, bu il yüzlərlə gənc Azərbaycan Tibb Universitetinə qəbul olub. Sənədlərin qəbulu avqust 25-i tarixinədək davam edəcək.