BAKI, 20 avqust — Sputnik. "Yol Polisi olmadan hərəkəti tənzimləmək mümkün deyil. Ərazidə polis əməkdaşı varsa, bütün qaydalara riayət edilir və kənardan hər şey nizam-intizam çərçivəsində görünür. Ancaq ərazidən polis əməkdaşı yoxudursa, polisin yoxluğundan sanki istifadə edilir". Bunu Sputnik Azərbaycan-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
O, qeyd edib ki, taksi fəaliyyəti ilə məşğul olanlar yolun hərəkət hissəsində duraraq, sıxlıq yaradırlar. Polis əməkdaşlarının olmadığı yerlədə müşahidə kameralarından istifadə olunur. Vətəndaş da elə bilir ki, polis yoxdursa istədiyini edə bilər.
Əsədov bildirir ki, çox zaman sürücülər "bilmədim, görmədim, tələsirdim, filankəsəm" deyib məsuliyyətdən yayınmaq istəyirlər. Lakin protokol yazılır. Vətəndaş da qisas almaq üçün şikayət edir. Düşünür ki, şikayət etsə, şikayətinə baxıb onu razı salacaqlar: "Onu da qeyd edim ki, gün ərzində şəhər yol polisinə 20-25 şikayət xarakterli məktub daxil olur. Biz edilən şikayətlər üzrə şikayətçilərin qarşısında araşdırma aparırıq, vətəndaş görəndə ki, onun polislə dialoqunun videogörüntüsü var, səsi var, kor-peşman gedir. Bu texnikanın inkişafı deməkdir. Dünyanın heç bir ölkəsində polis —sürücü münasibətlərinin tənzimlənməsi ilə bağlı səsyazan mikrofon cihaz yoxdur. Ancaq kameralar var. Azərbaycanda mentalitetə uyğun olaraq, inzibati xəta üzrə cərimələrlə razılaşmayan, haqq-nahaq şikayət edən vətəndaşlara sübut etmək məqsədilə bu cihazlardan istifadə edirik. Deyirik ki, baxın, səsiniz düşüb, görüntünüz də var".
Əsədov həmçinin bildirir ki, yol-patrul müfəttişlərinin idarə etdiyi BMW markalı avtomobillərin üzərində İ-patrul sistemi quraşdırılıb. Bu sistem dünyanın inkişaf etmiş 6 ölkəsində tətbiq edilir. Sistem hərəkətli və hərəkətsiz bütün xətaları 500 metr uzaqlıqdan görür, qeydə alır və barəsində tədbir görülməsi üçün göstəriş verir. Bu sistemə bir nəfər şəxsin düyməni basması kifayət edir.
Bununla yanaşı, Bakı Şəhərində təhlükəsizliyi təmin etmək üçün 3000 mindən artıq videokamera, sürət cihazları və digər ölçü cihazları qurulub: "Bu cihazlarla biz küçə və yolları görürük və nəzarət edirik".