BAKI, 20 avqust — Sputnik. Bərdədə toy karvanında gedən avtomobil yol kənarında su içən toy mərasiminin 4 sakinini vuraraq hadisə yerindən qaçıb. Sputnik Azərbaycan-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Yeni Daşkənd kənd ərazisimdə baş verib.
Belə ki, 32-BC-306 dövlət qeydiyyat nişanlı, VAZ-2106 markalı avtomobil hərəkətdə olan zaman sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında su içən piyadaları vurub.
Hadisə nəticəsində 1962-ci il təvəllüdlü Məmmədova Ağapəri Möhbalı qızı hadisə yerindəcə dünyasını dəyişib. Digər 3 nəfər: — 1993-cü il təvəllüdlü Məmmədov Sərvər Məhəmmədəli oğlu, 1962-ci il təvəllüdlü Səmədova Ayyıldız Sehral qızı və 1955-ci il təvəllüdlü Quliyeva Göyçək Əli qızı ağır bədən xəsarətləri alıblar. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsini törətmiş sürücü hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.