BAKI, 20 avqust — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Gədəbəy rayonuna səfərə gedib. Dövlət başçısı Heydər Əliyevin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Daha sonra prezident İlham Əliyev "Gədəbəy Mineral Suları" MMC-nin limonad zavodunun açılışında iştirak edib. Dövlət başçısı müəssisə ilə tanış olub.
Bildirilib ki, 2010-cu ildən fəaliyyət göstərən Gədəbəy mineral sular zavodunun istehsal etdiyi məhsullar daxili bazarla yanaşı, Rusiyaya və Bəhreynə də ixrac olunur. Yaxın vaxtlarda məhsulların daha bir neçə ölkəyə ixrac edilməsi planlaşdırılır. Müəssisədə 120-yə yaxın işçi çalışır. Zavodun inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunub.
Azərbaycan prezidenti 110/35/10 kilovoltluq yeni "Gədəbəy" elektrik yarımstansiyasının açılışında iştirak edib. "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlət başçısına yeni yarımstansiyada görülən işlər barədə məlumat verib. Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.