Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Maliyyə Şurasının yaradılması bizə maliyyə stabilliyi verəcəkmi?

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Respublikasının Nazirlər Kabineti - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Maliyyə Sabitliyi Şurası dövlət üçün əlavə xərc formalaşdıran qurum deyil. Burada əlavə ciddi infrastrukturun, büdcənin olmasına da ehtiyac yoxdur"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 avqust — Sputnik. Prezident İlham Əliyev iyulun 31-də Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi ilə bağlı fərman imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, sənədlə "Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi" təsdiq edilib.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında Maliyyə Sabitliyi Şurasının yaradılmasının ölkədə maliyyə sektorunda dövlət siyasətinin kompleks idarə olunmasına hədəfləndiyini deyib: "Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) funksiyası isə başqa təyinatlıdır. Palata qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə nəzarəti həyata keçirən qurumdur. Bu sektorda fəaliyyət göstərən subyektlər qanunvericilik daxilində Palataya hesabat verirlər. Bunun əsasında da MBNP bankın, sığorta şirkətinin və digər maliyyə strukturlarının fəaliyyətinə nəzarəti həyata keçirir. Eyni zamanda, bəzi hallarda normativləri müəyyənləşdirir".

Onun sözlərinə görə, amma Maliyyə Sabitliyi Şurası daha makro səviyyədə dövlətin fiskal və monetar siyasətinin idarə edilməsini, eyni zamanda, məzənnə siyasətinin uyğunlaşdırılması, optimallaşdırılması kimi ümumi qərarların birbaşa qəbulunu həyata keçirən bir strukturdur: "Əslində Maliyyə Sabitliyi Şurasına qurum demək doğru olmazdı. Sadəcə aidiyyəti dövlət qurumları nümayəndələrinin bu Şurada təmsil olunmasıdır və ümumi dövlətin maraqlarına və prioritetlərinə uyğun qərarların qəbul edilib idarəetmənin həyata keçirilməsidir".

Ekspertin fikrincə, ümumiyyətlə, bu kimi qərarların qəbul edilməsi böhrandan, idarə olunmaz şəraitdən çıxış yollarının axtarışı nəticəsində yaranır, ortaya çıxır: "Əvvəlki dövrlərdə bizdə buna ehtiyac yox idi və belə bir Şura da fəaliyyət göstərməyib. Amma son 2 il yarımda baş verənlər hökumətin müəyyən qərarlar qəbul etməsini şərtləndirib. Şura dövlət üçün əlavə xərc formalaşdıran qurum deyil. Burada əlavə ciddi infrastrukturun, büdcənin olmasına da ehtiyac yoxdur. Şurada təmsil olunanların hər biri hər hansı bir qurumun rəhbəridir (Mərkəzi Bankın rəhbəri və s.). Bunlar Şuradan əmək haqqı da almayacaqlar. Amma Şuranı, bunların əlaqələndirilməsi üçün bir platforma kimi qiymətləndirsək, müsbət haldır".

İqtisadçı-ekspert Vüqar Bayramov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Şuranın əsas məqsədi adından da göründüyü kimi, maliyyə sabitliyinə nail olmaqdır: "Burada bir neçə qurumun təmsil olunması nəticə etibarı ilə onunla bağlıdır ki, maliyyə stabilliyinə nail olmaq mümkün olsun. Düşünürəm ki, belə bir Şuranın yaradılmasına ehtiyac var idi. Nəticə etibarı ilə Şuranın yaradılması maliyyə stabilliyinin qorunması baxımından vacibdir".

İqtisadçının sözlərinə görə, fərqli ölkələrdə fərqli formada institusional qurumlar olur: "Bəzi hallarda bu qurumlar xüsusən tam maliyyə stabilliyi əldə edildikdən sonra fəaliyyətini dayandırırlar. Bəzən keçid dövründə bu tip qurumların yaradılması halları baş verir. Amma Azərbaycanda maliyyə stabilliyi ilə bağlı xüsusi bir qurumun yaradılması məqsədəuyğun idi. Çünki nəticə etibarı ilə maliyyə stabilliyi çox vacibdir. Maliyyə stabilliyi Azərbaycanda iqtisadi artımın bərpa edilməsi, genişləndirilməsi baxımından da çox mühümdür".

Ekspertin qənaətincə, Şura nəticə etibarı ilə çalışmalıdır ki, tam, dayanıqlı və uzun müddətli dövr üçün maliyyə stabilliyinə nail olmaq mümkün olsun: "Çünki maliyyə sabitliyi iqtisadi inkişaf üçün vacib elementdir. Bir mənalı şəkildə dayanıqlı iqtisadi inkişaf maliyyə stabilliyinin qorunmasından keçir. Fevral ayından etibarən manatın məzənnəsi stabildir. Uzun müddətli dövr üçün bu stabilliyə nail olmaq mümkün olarsa, bu da xüsusən də qeyri-neft sektorunun inkişafı baxımından daha geniş imkanlar aça bilər".

Xəbər lenti
0