CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan muğam sənətinin Xanı

© Photo : PUBLIC DOMAINXan Şuşinski
Xan Şuşinski - Sputnik Azərbaycan
Abunə olmaq
Əsl adı İsfəndiyar olan böyük sənətkar 1901-ci il avqustun 20-də Qarabağın məşhur tayfalarından olan Cavanşir sülaləsinə mənsub Aslan bəyin ailəsində dünyaya göz açıb

BAKI, 20 avqust — Sputnik. Azərbaycan muğam sənətinin korifeylərindən, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri də Xan Şuşinskidir. Əsl adı İsfəndiyar olan böyük sənətkar 1901-ci il avqustun 20-də Qarabağın məşhur tayfalarından olan Cavanşir sülaləsinə mənsub Aslan bəyin ailəsində dünyaya göz açıb.

Balaca İsfəndiyarın ustadı İslam Abdullayev öz dövründə "Segah İslam" kimi tanınırdı. O, məclislərin birində İsfəndiyarın səsini bəyənib və onu özünə şagird götürüb.

İsfəndiyara "Xan" adının verilməsinin maraqlı tarixçəsi var. "Segah İslam" tələbəsi İsfəndiyarla birgə Ağdamın Novruzlu kəndində bir məclisdə imiş. Ev sahibi İslam Abdullayevin arzusu ilə qrammofonu qurur və Təbrizli Əbülhəsən xanın ifasında "Kürd Şahnazı"nı dinləyirlər. Hamının heyranlıqla qulaq asdığı bu ifadan sonra "Segah İslam" üzünü İsfəndiyara tutub deyir: "Bəlkə sən də bizim üçün "Kürd Şahnazı" oxuyasan?".

İsfəndiyar 12-13 yaşından başlayaraq, Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Əbülhəsən xanın vallarını oxudub saatlarla qulaq asar, onların ifasının ən incə məqamlarını təqlid etməyə çalışardı. Amma gözlənilmədən, özü də Əbülhəsən xanın ifasından sonra oxumağa tərəddüd edir. Amma İslam Abdullayevin sözünü də yerə sala bilmir. "Kürd Şahnazı"nı zilə çəkən İsfəndiyar öz ifası ilə məclis əhlini heyrətləndirir, yerbəyerdən səslər eşidilir: "əsl xan elə bu imiş ki!". İslam Abdullayev isə şagirdinə ustad xeyir-duasını verərək deyir: "Bu gündən sən oldun Xan".

1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirir. Xanəndənin repertuarında "Mahur-Hindi", "Bayatı-Qacar", "Qatar" muğamları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər də yer alır. Xan xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni çalarlar əlavə edir.

Xan Şuşinskinin öz mahnıları da var. Çox zaman xalq mahnıları kimi təqdim olunan "Qəmərim", "Şuşanın dağları", "Ay gözəl", "Məndən gen gəzmə", "Al yanağında", "Dağlarda çiçək", "Gözəl yarım", "Ölürəm, a Ceyran bala" mahnılarının müəllifi Xan Şuşinskidir. "Şuşanın dağları" mahnısının musiqisi ilə yanaşı sözləri də Xana məxsusdur. Mahnılarının, demək olar, hamısı bədahətən yaranıb.

Simfonik orkestrin müşayiəti ilə ilk dəfə simfonik muğamlarda solo hissəni Xan oxuyub. Musiqi tariximizdə ilk duet də böyük sənətkarın adı ilə bağlıdır. Şövkət Ələkbərova ilə Xan Şuşinskinin ifasında lentə alınan "Yaylıq" adlı bu duet indi də maraqla dinlənilir.

Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli də mahnılarını Xan Şuşinskinin ifasında dinləməkdən xüsusi zövq alırmış, xüsusən də "Qaragöz" mahnısını.

Görkəmli xanəndə 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində "Muğam studiyası" yaradaraq gənc xanəndələrə muğamın sirlərini öyrədib. O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyib, muğam ifaçılarının yeni nəslinin yetişməsində əvəzsiz xidmətlər göstərib.

İsfəndiyar Cavanşirov gənclikdə ona verilən "Xan" adının məsuliyyətini ömrünün sonunadək daşıyıb, Azərbaycan musiqisinin həqiqi Xanı olub.

Azərbaycan musiqi tarixinin əvəzolunmaz korifeyi Xan Şuşinskinin səsinin yadigarı kimi günümüzə onun cəmi 240 dəqiqəlik lent yazısı gəlib çatıb.

Xan Şuşinski 1979-cu ildə vəfat edib və Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn edilib.

Xəbər lenti
0