BAKI, 19 avqust — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev avqustun 19-da Göygöl rayonuna səfər edib. Sputnik Azərbaycan-ın prezidentin saytına istinadən xəbər verir ki, prezident əvvəlcə Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib.
Prezident İlham Əliyev Göygöldəki Qələbə parkında yaradılan şəraitlə tanış olub, yenidən qurulan 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Dövlət başçısına Qəbələ parkda görülən işlər, yaradılan şərait barədə məlumat verilib. Prezident parkda Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Dövlət başçısı Göygöldə əsaslı şəkildə yenidən qurulan 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Azərbaycan prezidenti Göygöl rayonunun Aşağı Zurnabad qəsəbəsi ərazisindəki 3 mVt-luq “Çiçəkli” Su Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra istismara verilməsində də iştirak edib. “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiya barədə məlumat verib. Dövlət başçısı “Çiçəkli” Su Elektrik Stansiyasını işə salıb.
İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binasında və zona baytarlıq laboratoriyasında yaradılan şəraitlə tanış olub. Kənd təsərrüfatı naziri Heydər Əsədov prezident İlham Əliyevə elektron kənd təsərrüfatı sistemi barədə məlumat verib. Dövlət başçısı Göygöl Zona Baytarlıq Laboratoriyasında yaradılan şəraitlə də tanış olub.
Laboratoriya ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.