BAKI, 18 avqust — Sputnik. Avqustun 15-dən 20-ə qədər Milli Turizm Təbliğat Bürosunun dəstəyi ilə Çinin sosial media jurnalistləri və blogerlərinin Azərbaycana səfəri təşkil edilib. Bu barədə Sputnik Azərbaycan Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadəyə istinadən məlumat verir.
Səfərin məqsədi Azərbaycan turizm potensialını nümayiş etdirərək ölkəmizi yeni hədəf bazarlarında tanıtmaq və daha çox turist cəlb etməkdir.
Azərbaycanda olduqları dövrdə qonaqlar Bakının və regionların gözəl guşələrini, əlamətdar və tarixi yerlərini gəzəcək, milli təamlardan dadacaq, adət-ənənələrlə tanış olacaqlar.
Çinli jurnalist və bloqerlər ölkəmizlə tanış olarkən sosial media vasitəsilə birbaşa efirə çıxır, çoxsaylı izləyiciləri ilə fikirlərini bölüşürlər. Azərbaycan haqqında sosial mediada yayımlanan bu efirlər və yazılan statuslar Çində böyük maraq ilə qarşılanır.
Milli Turizm Təbliğat Bürosu turizmin inkişafı və ölkəyə turist axının artmasına yönəldilən müxtəlif layihələrə dəstək olur, xüsusi tədbirlər həyata keçirir.
Qeyd edək ki, 2016-cı ildə xarici ölkələrə gedən çinli turistlərin sayı 135 milyon olub.